Avstriyada Rusiya casusu saxlanıldı
Avstriyanın Dövlət Təhlükəsizliyi və
Kəşfiyyat İdarəsi (DSN) Rusiyaya casusluqda ittiham olunan Bolqarıstan
vətəndaşının saxlanıldığını bildirib.
TodayPress xəbər verir ki, bu barədə DSN-in
Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qadın Avstriya ərazisində Rusiya üçün
casusluq edib və Moskvanın nəzarəti altında dezinformasiyanın yayılması üzrə
əməliyyatlar həyata keçirib.
Saxlanılan şəxsin adı açıqlanmır.
Qeyd edilib ki, DSN əməkdaşları əməliyyat zamanı ötən
ilin dekabrında şübhəli şəxsin mənzilində axtarış aparıb, məlumat saxlama
cihazlarını müsadirə ediblər. Bu məlumatların təhlili Rusiya xüsusi xidmət
orqanları üçün işləyən bir hücrənin mövcudluğunu göstərib.
İdarənin məlumatına görə, hücrə 2022-ci ildə
Rusiya-Ukrayna müharibəsinin başlamasından bir neçə həftə sonra fəaliyyətə
başlayıb. Avstriya xüsusi xidmət orqanları onun məqsədini almandilli ölkələrdə,
xüsusilə Avstriyada geniş miqyaslı dezinformasiya kampaniyası, Ukraynanın
nüfuzdan salınması, Rusiyapərəst əhvali-ruhiyyənin yayılması kimi qeyd edirlər.
DSN-in versiyasına görə, saxlanılan Bolqarıstan vətəndaşı
kuratorlardan materiallar alıb, onları Avstriya və Almaniyada yayıb. Görülən
işlər haqqında hesabatları Rusiya və Böyük Britaniyaya göndərib.
tag: Moskva,Avstrya, DSN, Cəsus, todaypress.az,