Bağırsaq xərçəngini sürətləndirən mexanizm aşkarlandı

Dünya

05.04.2025 09:40

1616

Çin Xalq Respublikasının Sun Yat-sen Universitetindən olan tədqiqatçılar müəyyən ediblər ki, metabolik ferment olan “GPT1-in” səviyyəsinin azalması yoğun bağırsaq xərçənginin (kolorektal xərçəng) başlanması və sürətlə inkişaf etməsində mühüm rol oynayır.   

TodayPress xəbər verir ki, bu nəticələr “Science Translational Medicine” jurnalında dərc olunub. 

Alimlərin sözlərinə görə, kolorektal xərçəng dünyada ən çox rast gəlinən üçüncü onkoloji xəstəlikdir. Ənənəvi olaraq daha çox yaşlı insanlara təsir edən bu xəstəlik son illərdə gənclər arasında da artmaqdadır.

Risk faktorlarına isə iltihablı bağırsaq xəstəlikləri, zəif qidalanma, zərərli vərdişlər, az hərəkətli həyat tərzi və piylənmə daxildir. Lakin son tədqiqat bu xəstəliyin inkişafında ferment balanssızlığının da mühüm rol oynaya biləcəyini ortaya qoyub. 

“GPT1” (qlutamat-piruvattransaminaza 1) adlı ferment bədəndəki bir çox biokimyəvi prosesdə iştirak edən zülallardandır. Araşdırma zamanı kolorektal xərçəng diaqnozu qoyulmuş pasiyentlərin sağlam və xəstə toxumaları, eləcə də onların adenomaları (yaxşıxassəli törəmələr) analiz edilib.

Nəticələr “GPT1” çatışmazlığının daha ağır klinik nəticələrlə əlaqəli olduğunu və invaziv (yayılma qabiliyyəti olan) xərçəng formalarının inkişafını sürətləndirdiyini göstərib. 

Alimlər izah edib ki, normal halda “GPT1” adenomlardan şişlərin əmələ gəlməsinin qarşısını alır. Bu, fermentin “α-ketoglutarat” adlı molekulu sintez etməsi sayəsində mümkün olur.

“α-ketoglutarat” isə xərçəngin inkişafında əsas rol oynayan “WNT” siqnal yolunu inhibə edir.  Bundan başqa, tədqiqat zamanı “poliümozid” adlı birləşmənin “GPT1”i aktivləşdirərək şişlərin böyüməsini əngəlləyə biləcəyi aşkarlanıb.

Alimlərin fikrincə, bu kəşf gələcəkdə bağırsaq xərçənginin müalicəsi üçün yeni terapiya üsullarının əsasını təşkil edə bilər. 

Qiymət Mahir

tag: Çin,Bağırsaq,Xərçəng,Sağlamlıq,Todaypress.az,