BƏƏ ilə Ukrayna arasında yeni saziş imzalandı
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Ukrayna fevralın 18-də ticari, investisiya və iqtisadi əməkdaşlığı genişləndirmək məqsədilə Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi (CEPA) imzalayıb.
TodayPress xəbər verir ki, bu barədə BƏƏ-nin rəsmi “WAM” agentliyi məlumat yayıb.
İmzalama mərasimi BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı ilə Əbu-Dabidə baş tutub.
Saziş qüvvəyə minən kimi BƏƏ-dən Ukraynaya idxal olunan malların 99%-i, Ukraynadan BƏƏ-yə ixrac edilən məhsulların isə 97%-i üçün gömrük rüsumları ləğv ediləcək.
Tərəflər 2031-ci ilə qədər sazişin BƏƏ-nin ÜDM-ni əlavə 369 milyon dollar, Ukraynanın ÜDM-ni isə 874 milyon dollar artıracağını proqnozlaşdırırlar. Bu, eyni zamanda Ukrayna iqtisadiyyatının bərpasını sürətləndirmək məqsədi daşıyır.
Görüş zamanı BƏƏ prezidenti Ukraynadakı münaqişənin sülh yolu ilə həlli və humanitar fəsadların azaldılması üçün səyləri dəstəklədiyini vurğulayıb. Ukrayna lideri isə iki ölkə arasında əməkdaşlığı daha da gücləndirməyə sadiq olduğunu və müxtəlif sahələrdə geniş imkanların mövcudluğunu qeyd edib.
Liderlər iqtisadi tərəfdaşlıqla yanaşı, investisiya, inkişaf, bərpa olunan enerji mənbələri və qida təhlükəsizliyi sahələrində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
Qiymət Mahir
tag: BƏƏ,Dünya,Ukrayna,Saziş,todaypress.az,