Belarus və Vyetnam strateji bəyanat imzaladı
Belarus prezidenti Aleksandr Lukaşenko və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam 2 ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair birgə bəyanat imzalayıblar.
TodayPress xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.
Rəsmi sənəd dövlət başçıları arasında keçirilən danışıqlardan sonra imzalanıb.
Strateji tərəfdaşlıqla yanaşı, Belarus və Vyetnam arasında bir sıra digər sahələri əhatə edən sazişlər də bağlanıb.
Belarus və Vyetnamın Müdafiə Nazirlikləri hərbi kadrların və mütəxəssislərin hazırlanması istiqamətində əməkdaşlığın genişləndirilməsinə dair niyyət protokolu imzalayıblar.
Bundan əlavə, Belarusun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Vyetnam tərəfi arasında rəqəmsal transformasiya və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq memorandumu da təsdiqlənib.
Belarusun Mədəniyyət Nazirliyi ilə Vyetnamın Mədəniyyət, İdman və Turizm Nazirliyi 2026–2028-ci illəri əhatə edən əməkdaşlıq proqramını qəbul ediblər.
Elm və texnologiyalar üzrə əməkdaşlıq çərçivəsində isə Belarusun Elm və Texnologiyalar üzrə Dövlət Komitəsi və Vyetnam tərəfi elm, texnologiya və innovasiyalar sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb.
Aysel Mətləb
tag: Belarus,Vyetnam,Strateji,Bəyanat,Todaypress.az,