"Bloomberg": Tramp Cenevrənin beynəlxalq statusuna zərbə vurur

Dünya

25.03.2025 14:46

2344

ABŞ prezidenti Donald Trampın beynəlxalq yardım proqramlarını kəskin şəkildə azaltması Cenevrədə yerləşən beynəlxalq təşkilatlar üçün ciddi mənfi nəticələr doğurub. 

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. 

Qeyd olunub ki, Cenevrədə yerləşən 38 beynəlxalq təşkilat artıq ABŞ-nin maliyyə dəstəyinin azalmasını hiss edir.

Məsələn, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni donor axtarışına başlayıb.

Cenevrə şəhər rəhbərliyi isə Vaşinqtonun dəstəyini itirən qeyri-hökumət təşkilatlarına dəstək məqsədilə yerli büdcədən 11 milyon dollar ayırmağı təklif edib. 

Bundan əlavə, Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da maliyyə çatışmazlığı səbəbilə iş yerlərini ixtisar etdiklərini açıqlayıb. 

Agentlik bildirir ki, Vaşinqtonun bu qərarları Cenevrənin beynəlxalq diplomatiyanın əsas mərkəzlərindən biri kimi rolunun zəifləməsinə səbəb ola bilər. 

Xatırladaq ki, Tramp administrasiyası yanvarın 21-də ABŞ-nin ÜST-dən çıxması barədə sərəncam imzalayıb.

O, bu qərarını ABŞ-nin digər ölkələrlə müqayisədə təşkilata qeyri-mütənasib yüksək maliyyə töhfəsi verməsi ilə əsaslandırıb. 

Fevralın 3-də isə Ağ Ev ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə həyata keçirdiyi yardım proqramlarını faktiki olaraq dayandırıb.   

Qiymət Mahir

tag: Tramp,Cenevrə,ABŞ,Nüfuz,Zərər,Todaypress.az,