BMT: 3 milyondan çox insan Suriyaya qayıtmağa hazırdır
Suriyada son 14 ildə silahlı münaqişə nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş təxminən 3,5 milyon insan uyğun məişət şəraiti yaradılacağı təqdirdə gələn il ərzində əvvəlki yaşayış yerlərinə qayıtmağa hazırdır.
TodayPress xəbər verir ki, bu barədə BMT-nin humanitar məsələlər üzrə baş katibinin müavini Tom Fletçer Təhlükəsizlik Şurasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu miqyaslı qayıdış prosesinin baş verməsi üçün Suriyanın bərpası və inkişafına təcili investisiyalar tələb olunur:
“Bərpa, yenidənqurma və inkişaf istiqamətində təcili tədbirlərə ehtiyac var. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, bu 3,5 milyon insan yalnız əsas tələbatlar – yaşayış yeri, elektrik, su, kanalizasiya, təhsil və iş imkanları təmin olunduğu halda qayıdacaq”.
Fletçer vurğulayıb ki, bu proses həm vaxt, həm də investisiya tələb edir və hazırda Suriyada mövcud sanksiyalar şəbəkəsi və genişmiqyaslı dağıntılar bu prosesi çətinləşdirir.
O, həmçinin qeyd edib ki, hazırda Suriyada 16 milyondan çox insan, yəni əhalinin üçdə ikisindən çoxu qida, içməli su, sığınacaq və xidmətlər baxımından ciddi çatışmazlıq içindədir.
Qiymət Mahir
tag: BMT,Suriya,Qaçqın,Dönüş,Todaypress.az,