BMT Baş katibi Qərb sahilində artan zorakılıqdan narahatdır

Dünya

06.02.2025 11:07

1221

BMT-nin baş katibi Antonio Quterreş Qərb sahilində zorakılığın artmasından dərin narahatlığını ifadə edib.

TodayPress xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“İsrail məskunlaşanlarının zorakılığı və fələstinlilərin hüquqlarının pozulmasının artmasından son dərəcə narahatam”  deyə Quterreş bildirib. O vurğulayıb ki, beynəlxalq hüquq qorunmalı, Fələstin ərazilərinin işğalına son qoyulmalıdır.

BMT baş katibi əlavə edib ki, bu məsələ artıq Beynəlxalq Məhkəmə tərəfindən təsdiqlənib və beynəlxalq ictimaiyyət Fələstin administrasiyasına dəstək verməlidir. Dəstək ilk növbədə milli birliyin bərpası, ərazi bütövlüyü və idarəetmə sisteminin inkişafına yönəlməlidir. Xüsusilə, Qəzza zolağının yenidən qurulması prioritet məsələ kimi göstərilib.

Bu açıqlamalardan bir neçə gün öncə, fevralın 4-də ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə keçirdiyi görüşdən sonra mətbuat konfransı zamanı Qəzza ilə bağlı mövqeyini açıqlayıb. Tramp ABŞ-nin Qəzza zolağını uzunmüddətli nəzarətə götürmək imkanlarını nəzərdən keçirdiyini və bunun Yaxın Şərqdə sülhə xidmət edəcəyini bildirib.

Bundan əlavə, Tramp fələstinlilərin Qəzzadan bölgədəki digər ölkələrə köçürülməsi ideyasını dəstəklədiyini vurğulayıb və bəzi dövlətlərin bunun üçün maliyyə ayıra biləcəyini qeyd edib. O, həmçinin ABŞ-nin lazım bildiyi təqdirdə Qəzzaya hərbi qüvvə göndərməyə hazır olduğunu bəyan edib.

 Qiymət Mahir

tag: Antonio Quterreş ,BMT, ABŞ,İsrail,Todaypress.az,