BMT-də islahat planı: Minlərlə iş yeri risk altındadır
Birləşmiş Millətlər Təşkilatı (BMT) radikal struktur islahatları planı hazırlayır.
TodayPress xəbər verir ki, “Reuters”in əldə etdiyi məxfi memoranduma görə, əsas məqsəd agentlikləri birləşdirmək və resursları optimallaşdırmaqdır.
Sənədə əsasən, BMT-nin onlarla agentliyi dörd istiqamət üzrə birləşdiriləcək: sülh və təhlükəsizlik, humanitar məsələlər, dayanıqlı inkişaf və insan hüquqları.
Ümumdünya Ərzaq Proqramı (WFP), UNİCEF, ÜST və Qaçqınlar üzrə Ali Komissarlığın (UNHCR) vahid humanitar qurum altında fəaliyyət göstərməsi təklif edilir.
İslahat planı təkrarlanan funksiyaların ləğvini və əməkdaşların daha az xərcli şəhərlərə köçürülməsini də nəzərdə tutur. ABŞ-nin BMT-yə 2,7 milyard dollar borcu fonunda təşkilatda maliyyə böhranı dərinləşib. Artıq Humanitar Ofisdə 20% ixtisar aparılıb, Beynəlxalq Miqrasiya Təşkilatında isə 6 minə yaxın iş yeri təhlükə altındadır.
Baş katib Antonio Quterreş bu islahatı “bürokratiyaya və parçalanmış strukturlara cavab” adlandırsa da, 1 mayda Cenevrədə yüzlərlə əməkdaş etiraz aksiyası keçirib.
Yekun təkliflərin 16 maya qədər təqdim olunması gözlənilir.
Qiymət Mahir
tag: BMT,İslahat,Ümumdünya Ərzaq Proqramı,UNİCEF,todaypress.az,