BMT Konqoda aclıq təhlükəsi ilə bağlı həyəcan təbili çaldı
Birləşmiş
Millətlər Təşkilatı bu il humanitar yardım fəaliyyətini davam etdirmək üçün
tələb olunan 21,1 milyard dollar əvəzinə cəmi 1,57 milyard dollar alıb, ABŞ
kimi əsas donorların kənara çəkilməsi ianələri 40 faiz azaldıb.
TodayPress BMT-nin məlumatına istinadla xəbər verir ki, təşkilatın Ümumdünya
Ərzaq Proqramı (WFP) indi ən çox ehtiyacı olan ölkələrə üstünlük verir və cəbhə
bölgələrində qida rasionunu genişləndirir. “Biz əməliyyat xərclərini azaltmaq
üçün əlimizdən gələni etsək də, həyati təhlükə yaradan nəticələri olan maliyyə
uçurumu ilə üzləşirik”, deyə bu strukturun bəyanatında bildirilib. Qeyd olunub
ki, təcili qidalanma proqramları təkcə insanların həyatını xilas etmir, həm də
onların əzabını yüngülləşdirir, ifrat dərəcədə aclıqla üzləşən əhaliyə, icmalara
ümid verir.
Maliyyə
vəsaitində kəskin azalmalar təşkilatın Qəzza, Sudan, Suriya və Konqo Demokratik
Respublikası daxil olmaqla 28 bölgədəki qlobal proqramlarını təhdid edir. Ryni
zamanda, silahlı münaqişədən əziyyət çəkən Cənubi Sudanda yağışlı mövsüm
yaxınlaşdıqca, kəskin ərzaq çatışmazlığı ilə üzləşən 12,7 milyon insanın üçdə
ikisi ac qala bilər.
WFP Şərqi Afrika
ölkəsində müharibədən, ekstremal iqlim hadisələrindən və iqtisadi tənəzzüldən
xilas olmuş 2,3 milyon insana ərzaq və qida yardımı edir. Bir milyondan çox
insan qonşu Sudandan yoxsul ölkəyə qaçıb.
Bu arada,
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə günü xəbərdarlıq edib ki, tibbi
ləvazimat çatışmazlığı, ictimai səhiyyə sisteminin dağılması və viral
epidemiyaların sıçrayışı şəraitində Konqo Demokratik Respublikasında humanitar
böhran daha da pisləşə bilər.Qoma şəhərinin qərb hissəsindəki Valikaledə baş
verən son qarşıdurmalardan sonra 700-ə yaxın insan xəstəxanada müalicə axtarır,
lakin maliyyənin kəsilməsi, xəstəliklərin yayılması və yardımın dayandırılması
onların səhiyyə xidmətinə çıxışını əngəlləyir.
Təxminən 2 min
insanın artıq öldüyünü vurğulayan ÜST nümayəndəsi, həmçinin böhranın Burundi,
Ruanda, Uqanda və Tanzaniya kimi qonşu ölkələrə də təsir etdiyini diqqətə
çatdırıb. Onun sözlərinə görə, virusa hər 10 yoluxmuş insandan biri Konqo ilə
Burundi sərhədi yaxınlığında böyük bir epidemiya nəticəsində vəbadan ölür.
Regionda vəba və mpox da daxil olmaqla yoluxucu xəstəliklərin epidemiyası
müşahidə olunur və dəhşətli humanitar vəziyyət ölüm nisbətlərinin artmasına
səbəb olur.
ÜST-nin təcili
tibbi yardım qrupları insanlara qayğı göstərmək üçün əlavə qüvvələri səfərbər
edir. Təşkilat bu yaxınlarda Uqandadan Keniya və Tanzaniya üzərindən Qomaya
qədər uzanan yollarda 20 ton tibbi ləvazimat daşıya bilib, amma bunların hamısı
böhrandan 50 milyon insanın təsirləndiyi ölkədə sadəcə okeanda bir damla olub.
tag: BMT, Aclıq, ABŞ, Yardım, Hümanitar, Ərzaq, todaypress.az,