Boçorişvili: “Brüsseldən xoş sözlər eşitmək üçün ölkəni qurban verəməyəcəyik”
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Gürcüstana çox ciddi çağırışların olduğunu və hakimiyyətin Avopa İttifaqı institutlarından və Brüsseldən xoş sözlər eşitmək üçün ölkəni qurban verə bilməyəcəklərini deyib
TodayPress xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb.
Boçorişvili qeyd edib ki, Gürcüstan öz maraqlarını müdafiə etməlidir.
“Bu gün Ukrayna ətrafında baş verənlər ölkəmizin qayğısına niyə qalmalıyıq sualına yaxşı cavab verir. İlk növbədə, başlanğıc nöqtəsi Avropa Parlamentinin hər hansı bir deputatının qətnamədə nə yazacağı deyil, ölkəmizin gələcəyi olmalıdır” deyə nazir bildirib.
XİN başçısının sözlərinə görə, Avropa Parlamentinin ötən gün Gürcüstanla bağlı qəbul etdiyi qətnamə sağlam düşüncə, demokratiya və Avropa dəyərlərindən uzaqdır.
“Bir tərəfdən söz azadlığından danışan Avropa İttifaqı media nümayəndəsinə sanksiya tətbiqini tələb edir. Bu, absurddur. Bu barədə necə ciddi şərh vermək olar və ya biz bunu necə ciddiyə ala bilərik?” deyə M.Boçorişvili əlavə edib.
Nicat Osman
tag: Gürcüstan,Avropa Parlamenti,Maka Boçorişvili,Avropa,Dəyərlər,Todaypress.az,