Böyrək transplantasiyasından sonra quduzluqdan vəfat etdi

Dünya

05.04.2025 17:10

2246

ABŞ-nin Ohayo ştatındakı xəstəxanada böyrək transplantasiyası əməliyyatından sonra bir nəfər quduzluqdan dünyasını dəyişib.   

TodayPress xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb və hadisəni “son dərəcə nadir” bir hal kimi qiymətləndirib. 

Məlumata görə, Miçiqan ştatının sakini 2024-cü ilin dekabrında Ohayoda yerləşən Toledo Universitetinin Tibb Mərkəzində (UTMC) böyrək köçürülməsi əməliyyatı keçirib və 2025-ci ilin yanvarında dünyasını dəyişib.

Bu, Miçiqanda 2009-cu ildən bəri ilk dəfə quduzluq diaqnozu ilə qeydə alınan insan ölümüdür. 

UTMC-nin açıqlamasında qeyd olunur ki, insanlara quduzluq yoluxması nadir hallarda müşahidə olunur və bu hallar əsasən orqan transplantasiyası ilə əlaqəlidir: 

 “Quduzluğun insandan insana keçməsi olduqca nadirdir, lakin orqan köçürməsi ilə bağlı çox az sayda belə hal qeydə alınıb”. 

Quduzluq, mərkəzi sinir sistemini zədələyən və ölümcül nəticələnə bilən virus xəstəliyidir. Adətən virus yoluxmuş heyvanın tüpürcəyi ilə dişləmə və ya açıq yaraya təmas yolu ilə ötürülür. 

Xəstəliyin simptomları bəzən həftələr, bəzən də aylardan sonra üzə çıxır. Yara beyinə yaxın olduqda əlamətlər daha tez başlaya bilər.

Başlanğıcda qripəbənzər əlamətlərlə, hərarət, baş ağrısı, halsızlıqla başlayır. Daha sonra nevroloji pozuntular, şüur bulanıqlığı, halüsinasiyalar, iflic, hidrofobiya (suya qarşı qorxu), koma və ölüm müşahidə olunur. 

Qiymət Mahir

tag: ABŞ,Ohayo,Böyrək,Quduzluq,Todaypress.az,