“BP” və “Chevron” Meksika körfəzində neft yatağı aşkarlayıb

Dünya

14.04.2025 14:55

12

Britaniyanın enerji nəhəngi “BP Plc” Meksika körfəzinin dərin sularında yerləşən “Far South” yatağında uğurlu kəşfiyyat qazması həyata keçirib. 

TodayPress xəbər verir ki, şirkət bu layihəni ABŞ-nin “Chevron Corp.” şirkəti ilə birgə reallaşdırır.

“BP”nin yaydığı məlumatda bildirilir ki, qazma nəticəsində yüksək keyfiyyətli mioçen çöküntülərində neft ehtiyatları aşkar edilib.

İlkin məlumatlar bu ərazidə iqtisadi baxımdan əhəmiyyətli həcmdə karbohidrogenlərin mövcudluğuna işarə edir.

“Far South” yatağı Luiziana sahilindən təxminən 190 kilometr məsafədə yerləşir. Layihənin operatoru olan “BP” burada 57,5%-lik paya sahibdir, qalan 42,5% isə “Chevron”a məxsusdur.

“BP” şirkətinin vitse-prezidenti Endi Kriqer qeyd edib ki, bu yeni kəşf Meksika körfəzinin (hazırda ABŞ-də “Amerika körfəzi” adlandırılır) “BP” üçün artım və imkanlar baxımından hələ də strateji əhəmiyyət daşıdığını göstərir: 

“Biz onilliyin sonuna qədər bölgədə gündəlik 400 min bareldən çox neft hasil etməyi planlaşdırırıq.”

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp yanvar ayında Meksika körfəzinin adının rəsmi şəkildə “Amerika körfəzi” olaraq dəyişdirilməsi barədə fərman imzalayıb. Yeni ad artıq “Google Maps” kimi platformalarda da əks olunur. 

Qiymət Mahir

tag: BP,Chevron, Meksika körfəzi,Neft,Todaypress.az,