Britaniya Aİ-dən gələn turistlərə məhsul qadağası qoydu

Dünya

13.04.2025 18:10

25

Böyük Britaniya hökuməti Avropa İttifaqından gələn turistlərə şəxsi istifadələri üçün ət və süd məhsulları gətirməyi qadağan edib. Qadağa Avropada artmaqda olan ağız və dırnaq xəstəliyi (yaşur) hallarına cavab olaraq tətbiq edilib. 

TodayPress xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Yeni qaydalar 12 aprel tarixindən qüvvəyə minib və mal-qara, qoyun, keçi, donuz ətləri, eləcə də süd və süd məhsullarını əhatə edir. Mənbənin bildirdiyinə görə, hətta pendir və vetçina ilə hazırlanmış sendviçləri keçirmək istəyənlər gömrükdə saxlanılacaq.

Qanunsuz gətirilən məhsullar sərhəddə müsadirə ediləcək və dərhal məhv olunacaq. Qəsdən və ya ciddi şəkildə qaydaları pozan şəxslər isə 5 min funt sterlinqədək cərimə oluna bilərlər.

Qadağa bəzi istisnaları da əhatə edir: körpə qidaları, tibbi təyinatlı qidalar və tərkibində süd məhsulları olan, lakin hazır məhsul sayılan şokolad, çörək, tort, peçenye və makaron məhsullarına tətbiq olunmur.

“Fermalarımızı qorumaq üçün lazım gələrsə, bütün tədbirlərə hazırıq. Bu xəstəliyin ölkəyə yayılmasına icazə verə bilmərik” deyə Britaniyanın kənd təsərrüfatı naziri Daniel Tsayxner məsələ ilə bağlı bildirib.

Qiymət Mahir

tag: Britaniya,Aİ,Turist,Məhsul,Xəstəlik,Qadağa,todaypress.az,