Britaniya “Brexit”in ticarət sistemindən imtina edəcək

Dünya

24.03.2025 13:40

2515

Böyük Britaniyada hakim Leyborist hökuməti, xərcləri azaltmaq məqsədilə “Brexit”in ticarət sistemini bağlamaq imkanını nəzərdən keçirir. 

TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Məlumata görə, 2020-ci ilin dekabrında keçmiş mühafizəkar hökumət tərəfindən başladılan və artıq 180 milyon funt sterlinq (230 milyon dollardan çox) xərclənmiş layihə, “vahid ticarət pəncərəsi” adlı sistemin yaradılmasını nəzərdə tuturdu. Məqsəd isə Britaniyanın xarici ticarət tərəfdaşları ilə əməkdaşlığını xeyli sadələşdirmək idi. Bu sistem idxal və ixrac sənədlərinin tam rəqəmsal formatda təqdim olunmasına imkan yaradaraq həm zaman, həm də maliyyə baxımından qənaət təmin etməli idi.

Lakin gözlənilməz gecikmələr səbəbindən layihənin ümumi dəyərinin 330 milyon funt sterlinqə (427 milyon dollar) çatacağı bildirilir. Buna baxmayaraq, indiyədək sistem tam şəkildə işə düşməyib.

Britaniya parlamentinin İcmalar Palatasının biznes və ticarət komitəsinin rəhbəri Liam Birn bu məsələyə münasibət bildirərək deyib ki, vahid ticarət pəncərəsinin məqsədi biznes üçün 250 milyon dollarlıq qənaət təmin etmək idi: 

“Bu sistem tətbiq olunmasa, Birləşmiş Krallığın Avropa İttifaqı ilə ticarət əlaqələrində genişmiqyaslı yenidənqurmaya ehtiyacı olacaq ki, bu da xüsusilə kiçik biznes üçün ciddi maneələr yaradır.”

Böyük Britaniyanın Baş naziri Kir Starmer isə daha əvvəl Londonda Avropa İttifaqı ilə sabit və müsbət əlaqələrə qayıtmaq istədiklərini bəyan edib. Bununla belə, o vurğulayıb ki, “Brexit”in yenidən nəzərdən keçirilməsi Böyük Britaniyanın Avropa vahid bazarına və ya gömrük ittifaqına qayıtması məsələsi gündəmdə deyil.

Qiymət Mahir

tag: Britaniya,Leyborist hökuməti,Kir Starmer ,Avropa vahid bazarı,todaypress.az,