Britaniyada Ukrayna icmalarının fəaliyyəti dayandırıldı

Dünya

02.05.2025 17:20

10

Böyük Britaniyanın iki ali təhsil müəssisəsində - London Universitet Kolleci (UCL) və Lankaşir Universitetində fəaliyyət göstərən tələbə ittifaqları Ukrayna tələbə cəmiyyətlərinin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

TodayPress xəbər verir ki, bu barədə "The Financial Times" məlumat yayıb.

Bildirilib ki, Ukrayna cəmiyyətləri xeyriyyə məqsədilə toplanmış vəsaitlərin istifadəsi qaydalarını pozublar. Belə ki, toplanan ianələrin Ukrayna Silahlı Qüvvələri üçün döyüş məqsədli pilotsuz uçuş aparatlarının (PUA) alınmasına yönəldildiyi iddia olunur. Xüsusilə, klub gecəsində toplanan 1500 funt sterlinqin "DJI Mavic" dronunun alınması üçün sərf edildiyi deyilir.

Hər iki universitetin tələbə ittifaqları Böyük Britaniyada rəsmi olaraq xeyriyyə təşkilatları kimi qeydiyyata alınıb və onların fəaliyyətinə Britaniya Xeyriyyə Komissiyası nəzarət edir. Qurum həm də ianələrin toplanması və istifadəsi ilə bağlı qaydaları tənzimləyir.

Komissiyanın qaydalarına əsasən, hər hansı xarici silahlı qüvvəyə yardım göstərmək xeyriyyəçilik məqsədi sayılmır və heç bir xeyriyyə təşkilatı belə fəaliyyətlə qanuni şəkildə məşğul ola bilməz.

Töhfə Səməd

tag: Böyük Britaniya,Universitet,Yardım,Fond,todaypress.az,