“Cargo Dragon” yenidən kosmosa göndəriləcək
“SpaceX” şirkətinin növbəti “Cargo Dragon” yük kosmik gəmisi aprelin 21-də Beynəlxalq Kosmik Stansiyaya (BKS) yola salınacaq.
TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) məlumat yayıb.
Bildirilib ki, “CRS-32” missiyası çərçivəsində “Falcon 9” raketdaşıyıcısı ilə buraxılış ABŞ-nin Şərq sahili vaxtı ilə saat 04:15-də (Bakı vaxtı ilə 12:15-də) Florida ştatının Keyp Kanaveralındakı Kennedi Kosmik Mərkəzinin 39A start kompleksindən həyata keçiriləcək.
Gəmi Beynəlxalq Kosmik Stansiyaya 2,7 tondan çox ərzaq, həmçinin ekipajın aparacağı onlarla elmi təcrübə üçün avadanlıq və material çatdıracaq. Bu, artıq “SpaceX”in BKS-ə göndərdiyi “Cargo Dragon 2” modifikasiyasındakı yük gəmisinin 12-ci uçuşudur.
Yeni modifikasiya əvvəlki versiyaya nisbətən stansiyaya 20% daha çox yük daşıya bilir və stansiyanın robotik manipulyatorunun köməyi olmadan müstəqil şəkildə avtomatik birləşmə qabiliyyətinə malikdir.
Yenilənmiş “Cargo Dragon” gəmiləri əvvəllər olduğu kimi 3 deyil, 5 dəfə kosmosa gedib-qayıtmaq üçün nəzərdə tutulub.
Bundan başqa, yeni modifikasiyalar əvvəlki 40 gün əvəzinə, 75 gün stansiyada qala bilir.
“Cargo Dragon 2” gəmisinin uçuşları NASA ilə “SpaceX” arasında BKS-in təchizatı üzrə bağlanan ikinci müqavilə çərçivəsində həyata keçirilir. Hazırda “Cargo Dragon” Beynəlxalq Kosmik Stansiyadan Yerə yük qaytarmaq qabiliyyətinə malik yeganə yük gəmisidir və Atlantik okeanına eniş edir.
Qeyd edək ki, 2012-ci ilin oktyabrından 2024-cü ilin noyabrına qədər olan dövrdə “SpaceX” şirkəti BKS-ə 31 yük missiyası həyata keçirib.
Onlardan yalnız biri (2015-ci ildə) “Falcon 9” raketinin qəzası səbəbindən uğursuz olub.
Qiymət Mahir
tag: Cargo Dragon,SpaceX,ABŞ,Uçuş,Kosmos,Todaypress.az,