Cənubi Koreyada tarixin ən güclü meşə yanğınları
Cənubi Koreya tarixin ən dəhşətli meşə yanğınlarına şahidlik edir.
TodayPress xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bildirilib ki, alov cənub-şərqdəki Şimali Gyeongsang əyalətini demək olar ki, məhv edib.
Yanğında 36 min hektardan çox ərazi, 325 bina, o cümlədən 117 yaşayış binası yox edilib.
Ən çox zərər çəkən şəhərlər arasında Andong şəhəri, qonşu Uiseong və Sancheong əyalətləri, eləcə də Ulsan şəhəri də var. Təxminən 37 min sakin təxliyə edilərək idman zallarına və məktəblərə yerləşdirilib. Yanğının qurbanlarının ümumi sayının 56 nəfər olduğu təxmin edilir. Onlardan 30-u yaralanıb, 26-sı isə həyatını itirib.
Qurbanlar haqqında daha ətraflı məlumat verilməyib, ancaq onların ortalama 60-70 arasında yaşlarda olduğu bildirilib.
Ölkənin hakimiyyət orqanları bu cür irimiqyaslı meşə yanğınlarının insanların fəaliyyətindən qaynaqlana biləcəyini ehtimal edir.
İnsanların qohumlarının qəbirlərini təmizləmək üçün qurumuş otları yandırması və ya meşələrin yaxınlığında qaynaq işləri aparması kimi halların yanğınlara səbəb ola biləcəyi qeyd edilir.
Aysel Mətləb
tag: Cənubi Koreya,Meşə,Yanğın,Fəlakət,Todaypress.az,