Cənubi Koreyanın sabiq prezidenti məhkəmə qarşısına çıxacaq
Cənubi Koreyanın vəzifəsindən uzaqlaşdırılmış sabiq prezidenti Yun Sok Yol aprelin 14-ü, vəzifədən azad edilməsindən cəmi 10 gün sonra ilk dəfə olaraq cinayət məhkəməsinin qarşısına çıxacaq.
TodayPress xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Yun 2024-cü ilin dekabrında ölkədə hərbi vəziyyət tətbiq etməyə cəhd göstərməkdə ittiham olunur. O, Seul Mərkəzi Rayon Məhkəməsinin məşhur 417-ci zalında, daha əvvəl digər sabiq prezidentlərin də mühakimə olunduğu məkanda cavab verəcək.
Məhkəmə qaydalarına əsasən, Yun prosesi şəxsən izləməlidir. Lakin ictimai diqqətdən yayınmaq məqsədilə ona alt mərtəbədəki avtomobil dayanacağından daxil olmağa icazə veriləcək. Məhkəmə zalında onun şəkil və videoya çəkilməsi qadağan olunub.
İlk iclas zamanı əvvəlcə Yun Sok Yolun şəxsiyyəti rəsmi qaydada təsdiqlənəcək, ardından prokurorluq ittihamları elan edəcək. Onun hüquq komandası isə daha əvvəlki açıqlamalarda olduğu kimi, ittihamların hamısını rədd etməyi planlaşdırır.
Əsas şahidlər arasında orduya məxsus iki zabit var. Onlar impiçment dinləmələri zamanı Yun tərəfindən parlament üzvlərinin zorla kənarlaşdırılması göstərişi aldıqlarını bildiriblər. Bu, sabiq prezidentin ölkədə fövqəladə rejim tətbiq etmə planlarının bir hissəsi kimi qiymətləndirilir.
Qeyd edək ki, Yun Sok Yol Cənubi Koreya tarixində cinayət məhkəməsi qarşısına çıxan beşinci sabiq prezidentdir. Ondan əvvəl Çon Du Hvan, Ro De U, Li Men Bak və Pak Kın He məhkəmə qarşısına çıxarılmışdı.
Qiymət Mahir
tag: Cənubi Koreya,Sabiq prezident,Yun Sok Yol,Cinayət,Məhkəmə,Dünya,todaypress.az,