Çin ABŞ-nin yeni gömrük rüsumlarına etiraz edir

Dünya

03.02.2025 18:48

1168

Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyinin rəsmi nümayəndəsi ABŞ-nin fentanil ilə bağlı məsələləri əsas gətirərək Çin mallarına əlavə 10% gömrük rüsumu tətbiq etməsinə kəskin etirazını bildirib. 

TodayPress xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Rəsmi nümayəndə qeyd edib ki, Çin dünyada narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ən sərt siyasət yürüdən və müvafiq tədbirləri ardıcıl şəkildə həyata keçirən ölkələrdən biridir. O vurğulayıb ki, Pekin beynəlxalq narkotiklərlə mübarizə öhdəliklərini tam yerinə yetirir və ABŞ də daxil olmaqla, digər ölkələrlə bu sahədə fəal əməkdaşlıq edir.

Çinli rəsmiyə görə, ölkədə genişmiqyaslı fentanil istifadəsi müşahidə olunmasa da, Pekin 2019-cu ildə ABŞ-nin xahişi ilə bu maddəni xüsusi narkotik kateqoriyasına daxil edib. Lakin Vaşinqton hələ də oxşar tədbirləri daimi əsasda həyata keçirməyib. Çin tərəfi müvafiq tənzimləmələri tətbiq etdikdən sonra ABŞ-yə Çin mənşəli fentanil maddələrinin qanunsuz dövriyyəsi ilə bağlı heç bir məlumat daxil olmayıb.

Nazirlik rəsmisi vurğulayıb ki, Pekin və Vaşinqton son illərdə narkotiklərin qanunsuz dövriyyəsinin tənzimlənməsi, əməliyyat məlumatlarının mübadiləsi və birgə araşdırmalar sahəsində nəzərəçarpacaq irəliləyiş əldə edib. O əlavə edib ki, ABŞ-dəki fentanil böhranının kökləri məhz ölkə daxilindədir. Problemin həlli üçün əsas çıxış yolu daxili narkotik tələbinin azaldılması, həmçinin hüquq-mühafizə əməkdaşlığının gücləndirilməsidir.

Çin tərəfi ABŞ-ni öz səhvlərini düzəltməyə, çətinliklə əldə olunmuş ikitərəfli əməkdaşlıq nəticələrini qorumağa və Çin-ABŞ münasibətlərinin sabit və sağlam inkişafına töhfə verməyə çağırıb.

Qiymət Mahir

tag: Çin,ABŞ,Fentanil,Narkotik,todaypress.az,