Çin lideri süni intellektin risklərindən danışdı
“Süni intellekt (AI) texnologiyaları böyük imkanlar təqdim etməklə yanaşı, eyni zamanda böyük risklər yaradır”.
TodayPress xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin yerli televiziyaya müsahibəsində deyib.
Si Cinpin süni intellekt texnologiyaları və etik məsələlərlə bağlı müvafiq qanun və qaydaların sürətlə işlənib hazırlanmasının və təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
O, həmçinin texnologiyanın monitorinqi, risklərin müəyyən edilməsi, fövqəladə hallara çevik reaksiya verilməsi və süni intellektin təhlükəsizliyinin təmin olunması üçün effektiv sistemin yaradılmasının vacibliyini qeyd edib.
Çin prezidenti çıxışında ölkəsinin süni intellekt sahəsində təşəbbüsü ələ keçirmək qabiliyyətindən də danışıb.
Onun fikrincə, çinli tərtibatçılar əsas nəzəriyyələr, metodlar və alətlər üzrə sıçrayış etməli, fundamental tədqiqatları gücləndirməlidirlər.
“Biz diqqəti yüksək məhsuldar çiplərin, əsas proqram təminatının və digər əsas texnologiyaların mənimsənilməsinə yönəltməli, müstəqil, tənzimlənən və əlaqələndirilmiş süni intellektin əsas proqram və aparat sistemini qurmalıyıq” deyə o bildirib.
Çin lideri sonda əlavə edib ki, süni intellekt beynəlxalq və sosial rifaha xidmət edən bir məhsula çevrilə bilər. Bu məqsədlə AI sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi vacibdir.
Nicat Osman
tag: Çin,Si Cinpin,Süni İntellekt,Risk,Todaypress.az,