Çin süni intellektli uçuş aparatını təqdim etdi

Dünya

31.03.2025 17:38

2230

Çinin yeni nəsil pilotsuz uçuş aparatı “Rainbow-9” (Tsayxun-9) 10 min kilometrdən çox məsafəni qət etmək qabiliyyətinə malikdir. 

TodayPress xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) məlumat yayıb.

Dövlət telekanalı “CCTV” “Rainbow-9”un Şensi əyalətində sınaq uçuşları zamanı çəkilmiş görüntülərini yayımlayıb.

Bildirilib ki, aparat havada 20 saatdan çox qalıb. Onun maksimum havada qalma müddəti 40 saat, uçuş sürəti isə 0,5-dən 0,75 Maxa qədərdir.

Hərbi müşahidəçi Sun Çjunpin “SCMP”yə açıqlamasında bildirib ki, süni intellektlə təchizat “Rainbow-9”un döyüş imkanlarını xeyli artırır.

Onun sözlərinə görə, bu aparat eyni anda bir neçə digər pilotsuz vasitəni idarə edə və pilotlu döyüş təyyarələri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərə bilir.

Çin Aerokosmik Elmi və Texnoloji Korporasiyası (CASC) tərəfindən hazırlanmış “Rainbow-9” seriyanın ən inkişaf etmiş modeli hesab olunur. 24,8 metrlik qanad eninə malik bu aparat 10 min metr hündürlükdə uzunmüddətli əməliyyatlar həyata keçirmək üçün nəzərdə tutulub. 

Qiymət Mahir

tag: Çin,Rainbow-9,PUA,Nümayiş,Todaypress.az,