Çin Trampın Nüvə Arsenalının azaldılması təklifini qiymətləndirdi

Dünya

14.02.2025 16:15

1474

“Çin silahlanma yarışında iştirak etmir və nüvə qüvvələrini minimum səviyyədə saxlayır”. 

TodayPress “RİA”ya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun brifinq zamanı deyib.  

Diplomat qeyd edib ki, hazırda dünyanın bütün nüvə arsenalının 90%-i Rusiyaya və ABŞ-yə məxsusdur.   

"Nüvə tərksilahı qlobal strateji sabitliyin qorunması və bütün ölkələrin təhlükəsizliyinin təhdid edilməməsi daxil olmaqla, əsas prinsiplərə əməl etməlidir" deyə o vurğulayıb. 

Quo Jiakun əlavə edib ki, Çin rəhbərliyi BMT-nin kütləvi qırğın silahlarına nəzarət üzrə çoxtərəfli mexanizmini dəstəkləmək üçün Moskva və Vaşinqtonla birgə işləməyə davam etməyə hazırdır.   

Həmçinin jurnalistlərlə görüş zamanı departament nümayəndəsi Rusiya ilə ABŞ arasında son təmasların Çin-Rusiya münasibətlərinə təsir edə biləcəyi ilə bağlı sualı cavablandırıb.  

Diplomat bildirib ki, Pekin Moskva ilə hərtərəfli strateji əməkdaşlığı daha da inkişaf etdirmək və qarşılıqlı fəaliyyətini davamlı olaraq dərinləşdirmək niyyətindədir.

Xatırladaq ki, Donald Tramp, Çin sədri Si Cinpin və Rusiya prezidenti Vladimir Putinlə sammit təşkil etməyi planlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, görüşün əsas mövzusu nüvə silahı arsenalının azaldılması olacaq. 

Qeyd edək ki, daha əvvəl Rusiya ABŞ ilə silahlara nəzarət üzrə danışıqlara hazır olduğunu bəyan edib. 

Aysel Mətləb

tag: Çin,Tramp,Quo Jiakun,BMT,todaypress.az,