Çində erkən Şia dövrünə aid qədim şəhər divarları aşkar edildi
Çinin mərkəzində yerləşən Henan əyalətində aparılan arxeoloji qazıntılar zamanı erkən Şia sülaləsinə (e.ə. 2070-1600) aid qədim şəhər divarları aşkar edilib. Alimlər hesab edirlər ki, bu tapıntı həmin dövrün öyrənilməsi üçün yeni dəlillər təqdim edir.
TodayPress xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb. Bildirlib ki, sıx torpaqdan inşa edilmiş divarlar Çjoukou şəhərinin Taykanq mahalında yerləşən Liucjuanq qədim abidə kompleksində aşkar olunub.
Mahalın adı Şia sülaləsi imperatorlarından birinin şərəfinə qoyulub və arxeoloji ərazi 80 min kvadratmetrdən çox sahəni əhatə edir.
Henan Əyaləti Mədəni İrs və Arxeologiya İnstitutunun tədqiqatçısı Li Şiveyin sözlərinə görə, qazıntılar zamanı şərq, qərb, cənub və şimal istiqamətlərində yerləşən dörd divar tapılıb.
Onların eni 2,6-3,4 metr arasında dəyişir və xarici hissələrdə yamaclı qoruyucu qatlar mövcuddur. Arxeoloqlar müəyyən ediblər ki, bu dörd divar 126 metr uzunluğunda və 100 metr enində qapalı düzbucaqlı şəhər əmələ gətirir. Cənub divarın ortasında yerləşən boşluğun isə qapı və ya giriş olması ehtimal edilir. “Son “Karbon-14” analizləri göstərir ki, divarlar e.ə. 1964-1833-cü illər arasında tikilib, istifadə olunub və tərk edilib. Bu isə Çin tarixində erkən Şia sülaləsi dövrü ilə üst-üstə düşür” deyə Li Şivey bildirib.
Liucjuanq abidə kompleksində arxeoloqlar həmçinin Sarı çayın orta və aşağı hövzələrində çiçəklənmiş son Lonqşan dövrü mədəniyyətinə aid 16 yaşayış yerinin qalıqlarını aşkarlayıblar. Bundan əlavə, qədim saxsı sobaları, su quyuları, keramika məmulatları, sümükdən və daşdan hazırlanmış əşyalar da tapılıb.
“Bu tapıntılar, son Lonqşan dövründə kiçik şəhər məskənlərində memarlıq texnikaları, planlaşdırma və məskunlaşma modellərinin inkişafını araşdırmaq üçün yeni məlumatlar təqdim edir” deyə Li əlavə edib.
Qiymət Mahir
tag: Çin,Şia dövrü,Qala,Divar,Qalıq,Todaypress.az,