Çində həyəcan təbili çalındı: Arıqlamaq məcburi olur

Dünya

19.04.2025 14:06

14

Çində piylənmə epidemiyası sürətlə yayılmağa başlayıb.

TodayPress xəbər verir ki, ölkədə hər ikinci yetkin şəxs artıq çəkidən əziyyət çəkir və bu, ciddi sağlamlıq problemlərinə yol açır. 

Çin hakimiyyəti milli və yerli səviyyədə bu vəziyyətə qarşı müxtəlif tədbirlər görməyə başlayıb. İndi artıq çəki probelmi təkcə şəxsi məsələ yox, həm də dövlət siyasətinin prioritetlərindən biri hesab olunur. 

Hazırda ölkədə müxtəlif səviyyələrdə təşviqat və sağlam həyat tərzi ilə bağlı aksiyalar keçirilir. 

Vilayətlərə uyğunlaşdırılmış pəhriz menyuları, piylənmə ilə bağlı mesaj kampaniyaları, könüllülərin qapı-qapı gəzərək çəkilər barədə maarifləndirməsi otel otaqlarında məcburi tərəzilər, zavod və fabriklərdə idman fasilələri və futbol komandaları, universitetlərdə arıqlama yarışları bu aksiyalara daxildir.

Rəsmilər qeyd edir ki, bu problem təkcə çəki ilə bağlı deyil, həm də xərçəng və digər xroniki xəstəliklərin artmasına səbəb ola bilər.

Milli Səhiyyə Komissiyası artıq çəki ilə mübarizəni kritik məsələ hesab edir və üç illik maarifləndirmə proqramı başladılıb.

Əgər heç nə dəyişməzsə, 2030-cu ilə qədər Çində piylənmə 70%-ə çata bilər. 

Mütəxəssislər hesab edir ki, bu vəziyyət səhiyyə sisteminə ciddi maliyyə yükü yaradacaq – ildə əlavə 4,25 milyard yuan xərclə nəticələnə bilər ki, bu da ümumi səhiyyə büdcəsinin 20%-nə bərabərdir.

Əlavə problem isə ictimai qavrayışdır – Çində artıq çəki hələ də bəzi dairələrdə var-dövlət və rifahın əlaməti kimi qəbul edilir.

Buna görə də maarifləndirmə işləri yalnız fiziki dəyişikliklərə deyil, şüur dəyişikliyinə də yönəlməlidir. 

Türkan İsgəndərli

tag: Çin,Həyəcan,Piylənmə,Sağlamlıq,Todaypress.az,