Çində insan hüceyrələrinin tədqiqi üzrə innovativ mərkəz tikilir

Dünya

25.03.2025 13:26

1079

Çinin Quançjou şəhərində insan hüceyrələrinin tədqiqi ilə məşğul olacaq iri miqyaslı elmi mərkəzin tikintisinə başlanılıb. 

TodayPress xəbər verir ki, bu barədə Çin Elmlər Akademiyası məlumat yayıb.   

Bildirilib ki, yeni kompleks süni intellekt texnologiyaları ilə təchiz ediləcək və insan orqanizmindəki hər bir hüceyrənin bütün həyat tsikli ərzindəki təkamül prosesini rəqəmsal formada əks etdirəcək. 

“Hüceyrə xətlərinin analizi həyatın inkişafı və təkamülü ilə bağlı sirlərin açılmasında, həmçinin insan həyat fəaliyyətinin idarə edilməsində açar hesab edilir” deyə Akademiyanın açıqlamasında bildirilir. 

Mərkəz innovativ texnologiyaların hazırlanması ilə məşğul olacaq və hüceyrə xətlərinin rəqəmsal modellərini yaratmaq üçün süni intellektdən geniş istifadə edəcək.

Elmi fəaliyyət əsasən üç istiqamət üzrə aparılacaq: hüceyrələrin inkişafı, xəstəliklər və qocalma prosesləri. 

Layihə 4,5 ilə başa çatdırılacaq. Tszyansin adasında yerləşəcək elmi-tədqiqat kompleksinin ümumi sahəsi 50 min kvadratmetr təşkil edəcək.

Tikinti başa çatdıqdan sonra obyekt səhiyyə sahəsində nəzəri yeniliklərə və sənaye inkişafına hərtərəfli dəstək göstərəcək. 

Eyni zamanda, mərkəz elmi-tədqiqat institutları, universitetlər, əczaçılıq şirkətləri və xəstəxanalara xidmət edəcək, həmçinin tibbi texnologiyalar sahəsində gələcək innovativ inkişaf üçün baza rolunu oynayacaq. 

Qiymət Mahir

tag: Çin,İnsan,Hüceyrə,Tədqiqat,Mərkəz,Todaypress.az,