Daily Mail: Tramp sülh planı hazırlayır
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli üçün mümkün sülh planı üzərində çalışır.
TodayPress xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazıb.
Məlumata görə, bu sənəd Kiyevdə diplomatik dairələrdə aktiv şəkildə müzakirə olunur.
Plana əsasən, ilk addım Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olmalıdır. Fevralın sonu və ya martın əvvəlində onların şəxsi görüşü baş tuta bilər. Bunun ardınca ABŞ beynəlxalq konfrans təşkil edərək tərəfləri razılaşma imzalamağa təşviq etməyi planlaşdırır.
Məqalədə qeyd olunur ki, atəşkəsin 20 aprel tarixində qüvvəyə minməsi nəzərdə tutulur, tərəflər isə 9 mayadək əsas məsələlər üzrə razılığa gəlməlidirlər. Şərtlər arasında Ukraynanın Rusiyanın yeni sərhədlərini tanıması, Ukrayna ordusunun Kursk vilayətindən çıxarılması, NATO-ya üzvlükdən imtina və ölkənin nüvə neytrallığı statusunu elan etməsi yer alır. Bunun müqabilində ABŞ Kiyevə hərbi dəstəyi 2030-cu ilə qədər davam etdirmək və Ukraynanın Aİ-yə üzvlüyünə kömək etmək niyyətindədir. Ukraynanın bərpası məsələsi isə qismən Avropa İttifaqının üzərinə qoyulacaq.
Plana həmçinin Rusiyaya qarşı tətbiq edilən sanksiyaların tədricən aradan qaldırılması daxildir. Bununla belə, Rusiya enerji resurslarına gömrük rüsumları tətbiq olunması planlaşdırılır və əldə edilən gəlirin bir hissəsinin Ukraynanın bərpasına yönəldiləcəyi bildirilir.
Qiymət Mahir
tag: ABŞ ,Donald Tramp,Ukrayna,Kiyev,Sülh,todaypress.az,