"Delta" 2025-ci il üzrə illik proqnozunu dəyişdi
"Delta Air Lines" 2025-ci il üzrə illik maliyyə proqnozunu geri çəkdiyini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Şirkətin rəhbəri Ed Bastian bəyan edib ki, qlobal ticarətə dair artan qeyri-müəyyənlik və ümumi iqtisadi durğunluq aviasiya sektorunda satışlara mənfi təsir göstərir.
"Qlobal ticarət ətrafında formalaşan genişmiqyaslı iqtisadi qeyri-müəyyənlik səbəbindən artım dayanıb" deyə Bastian bildirib.
O əlavə edib ki, dəyişkən iqtisadi mühit gələcək göstəricilərlə bağlı şəffaflığı azaldır və bu səbəbdən şirkət öz nəzarətində olan məsələlərə fokuslanır:
“İlin ikinci yarısında planlaşdırılmış tutum artımını ötən illə müqayisədə eyni səviyyədə saxlayacağıq və xərclərə nəzarət, kapital yatırımlarının optimallaşdırılması istiqamətində addımlar atacağıq”.
Qeyd edək ki, "Delta" 2025-ci ildə hər səhmə görə 7.35 ABŞ dolları gəlir və 4 milyard dollardan çox sərbəst pul axını gözlədiyini bildirmişdi.
Lakin mövcud iqtisadi mənzərə bu proqnozların reallaşmasını şübhə altına alıb.
Şirkət 2024-cü ilin birinci rübündə 240 milyon dollar xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövründəki 37 milyon dollardan xeyli yüksəkdir.
Töhfə Səməd
tag: Delta Air Lines,İllik Proqnoz,Maliyyə,İqtisadi,Todaypress.az,