Demokratlar ABŞ-də rekord dərəcədə dəstək itirir
ABŞ Demokratik Partiyasının seçicilər arasındakı dəstək səviyyəsi tarixdə ən aşağı həddə düşüb.
TodayPress xəbər verir ki, bu barədə “NBC” sorğu keçirib.
Sorğuya əsasən, cəmi 27% respondent partiyaya müsbət yanaşdığını bildirib, əlavə 7% isə “çox müsbət” münasibətdə olduğunu qeyd edib.
“NBC” vurğulayır ki, bu, 1990-cı ildən bəri aparılan sorğular arasında Demokratik Partiya üçün ən aşağı göstəricidir.
Seçicilərin əksəriyyəti – 55% – partiyaya qarşı mənfi münasibət bəslədiyini bildirib, onların 38%-i isə bu baxışlarını son dərəcə mənfi adlandırıb. Reytinqin azalmasına səbəb kimi vitse-prezident Kamala Harrisin seçkilərdə uğursuzluğa düçar olması göstərilir.
Bundan əlavə, Demokrat Partiyanın tərəfdarları kompromislər əvəzinə, daha sərt mövqe nümayiş etdirməsini gözləyir. 2017-ci ildə demokrat seçicilərin 59%-i kompromis yolu ilə konsensus əldə olunmasını istəyirdisə, indi onların 65%-i artıq iki partiya arasında əməkdaşlıqdan imtina etməyə hazır olduqlarını bildirir.
Eyni zamanda, Respublikaçılar Partiyası da tərəfdarlarını itirir. ABŞ seçicilərinin 49%-i partiyaya mənfi münasibət bəslədiyini deyib, 39%-i isə müsbət rəy bildirib. Ancaq Demokratik Partiya tərəfdarlarının 20%-i öz partiyalarına qarşı mənfi münasibət göstərdiyi halda, Respublikaçılar Partiyası tərəfdarları arasında bu göstərici cəmi 10% təşkil edir.
“NBC” xatırladır ki, Demokratların indiki aşağı reytinqi 2013-cü ildə Respublikaçıların 22%-lik antirekordundan hələ də yüksəkdir. Bununla belə, Respublikaçılar 2014-cü ildə keçirilən aralıq seçkilərdə tarixi qələbə qazanaraq, Nümayəndələr Palatasında demək olar ki, bir əsrdə ən yaxşı nəticəni əldə etmişdilər.
“Sadaladığımız rəqəmlərlə Demokratik Partiya rebrendinqə deyil, tam yenidən başlatmaya ehtiyac duyur” deyə NBC sorğusunu aparan “Hart Research Associates” təşkilatının demokrat tədqiqatçısı Ceff Horvitt qeyd edib.
Qiymət Mahir
tag: ABŞ,Sorğu,Demokratlar,Dəstək,Todaypress.az,