Dünya Bankı Pakistana 300 milyon dollar kredit ayırdı

Dünya

30.03.2025 18:35

2924

Dünya Bankının İcraçı Direktorlar Şurası Pakistanın şərqində yerləşən Pəncab əyalətində hava keyfiyyətinin yaxşılaşdırılması və çirklənmə ilə mübarizə məqsədilə 300 milyon ABŞ dolları məbləğində Beynəlxalq İnkişaf Assosiasiyası (IDA) krediti ayırıb.

TodayPress xəbər verir ki, bu barədə bank martın 30-u açıqlama yayıb.

“Pəncab Təmiz Hava Proqramı” (PCAP) çərçivəsində əyalət hökumətinin smoqla mübarizə planı dəstəklənəcək. Proqram, nəqliyyat, kənd təsərrüfatı, sənaye, enerji və bələdiyyə xidmətləri kimi əsas sahələrdə bir sıra geniş təşəbbüsləri əhatə edərək hava keyfiyyətini və ictimai sağlamlığı yaxşılaşdırmağı hədəfləyir.

Dünya Bankı bildirib ki, bu təşəbbüs təşkilatın yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi ilə uyğunlaşdırılıb və əsas məqsədi növbəti on ildə PM 2.5 (toz hissəcikləri) səviyyəsini 35% azaltmaqdır. Bu da Lahor şəhərinin 13 milyon sakini üçün tənəffüs yolu xəstəlikləri və digər çirklənməyə bağlı sağlamlıq problemlərinin ciddi şəkildə azalmasına səbəb olacaq.

Vaşinqtonda yerləşən maliyyə qurumu əlavə edib ki, proqram hava keyfiyyətinin idarə olunması infrastrukturunun gücləndirilməsi, normativ və institusional potensialın artırılması, sektorlar üzrə hədəfli azaldıcı tədbirlərin tətbiqi və ictimai maarifləndirmənin genişləndirilməsinə yönəlib.

Dünya Bankı həmçinin ictimai iştirakçılığın təmiz hava hədəflərinə çatmaqda həlledici rol oynadığını vurğulayaraq bildirib ki, proqram davranış dəyişikliyini və vətəndaşların fəal iştirakını təşviq edir. Bu məqsədlə hava keyfiyyətinin monitorinqi məlumatları və emisiyalarla bağlı inventarlaşmalar vasitəsilə ictimaiyyət hava çirklənməsinin mənbələri, sağlamlığa təsirləri və azaldılma üsulları barədə məlumatlandırılacaq.

Qiymət Mahir

tag: Dünya Bankı,Pakistan,Kredit,Təmiz hava,Ekologiya,todaypress.az,