Dünyada demokratiyaya inam azalıb – SORĞU
Böyük Britaniyadan olan politoloqlar 1958-2024-cü illər arasında 143 ölkədən 3377 sorğunun nəticələrini toplayaraq siyasi etimad meylləri ilə bağlı araşdırma aparıb.
TodayPress xəbər verir ki, bu barədə “British Journal of Political Science” məlumat yayıb. Araşdırmada bu illər ərzində ümumilikdə beş milyondan çox respondent iştirak edib. Qeyd olunub ki, parlamentlərə inam 1990-cı illərdən 2012-ci ilə qədər 9% azalıb, polisə inam isə 13% artıb. Parlamentə etimad daha çox Argentina, Braziliya, Fransa, İtaliya, İspaniya, Cənubi Koreya və Avstraliya da daxil olmaqla 36 ölkədə azalıb. ABŞ-də federal hökumətə inam son 20 ildə azalıb, Latın Amerikasında isə 2014-cü ilə qədər tədricən artıb, lakin o vaxtdan bəri sürətlə aşağı düşüb. Eyni zamanda, Asiya və Sakit okean regionunda aydın şəkildə azalma müşahidə olunmayıb. Yalnız altı ölkədə - Danimarka, Norveç, İsveç, İsveçrə, Ekvador və Yeni Zelandiyada hökumət orqanlarına inam artıb. Şərqi Avropa və Mərkəzi Asiya regionunda isə Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Macarıstan, Latviya, Litva, Moldova, Monqolustan, Rumıniya, Sloveniya və Ukraynada da parlamentə etimad azalıb. Nicat Osman
tag: Demokratiya,İnam,Araşdırma,Sorğu,Todaypress.az,