Ekvadorda prezident və parlament seçkiləri keçirilir
Bu gün Ekvadorda parlament və prezident seçkiləri keçiriləcək.
TodayPress xəbər verir ki, bu barədə "Vatican News" məlumat yayıb.
Ölkə vətəndaşları dövlət başçısından başqa Milli Assambleyaya (parlament) 151 deputat seçməli olacaqlar.
Ekvadorda son prezident seçkilərindən iki ildən az vaxt keçib. O vaxtkı dövlət başçısı Gilyermo Lasso parlamenti buraxmaq məqsədi ilə erkən səsvermə təyin edib.
Həmin seçkinin qalibi, ölkənin ən zəngin iş adamlarından birinin oğlu, 37 yaşlı Daniel Noboa yenidən namizədliyini irəli sürüb. Ondan başqa ən yüksək dövlət postu uğrunda 16 siyasətçi mübarizə aparır. Noboanın əsas rəqibi keçmiş prezident Rafael Korreanın (2007-2017-ci illərdə dövlət başçısı olub) hökumətində müxtəlif vəzifələrdə çalışmış, Milli Assambleyanın sabiq üzvü Luisa Qonzalesdir.
“Ipsos” təşkilatının apardığı sorğuya görə, rəyi soruşulanların 45,5 %-i Noboaya, 31,3 %-i isə Qonzalesə səs verməyə hazırdır.
tag: Ekvador,Milli Assambleya,Gilyermo Lasso,Seçki,todaypress.az,