“Emirates” təyyarə parkına 5 milyard dollar yatıracaq
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük aviaşirkəti “Emirates” təyyarə parkının modernləşdirilməsi və təkmilləşdirilməsi üçün təxminən 5 milyard dollar sərmayə ayıracaq. Bu proses Airbus “A380” və “Boeing 777” modellərini əhatə edəcək.
TodayPress xəbər verir ki, şirkətin prezidenti Tim Klark bunu yeni təyyarələrin tədarükünü gözlədikləri müddətdə həyata keçirəcəklərini bildirib.
Klarkın sözlərinə görə, “Boeing 777X” modellərinin bu il tədarükü gözlənilmir, çünki təyyarələr hələ də sertifikatlaşdırma mərhələsindədir. “Emirates” “Airbus A350-1000” modelinə maraq göstərsə də, sifariş verməzdən əvvəl təyyarələrdə quraşdırılan mühərriklərin etibarlılığının sübut olunmasını istəyir.
Hazırda “Rolls-Royce Holdings Plc” tərəfindən istehsal olunan mühərriklər 400 uçuş dövründən sonra texniki baxış tələb edir, lakin “Emirates”in minimal tələbi 2 min dövr təşkil edir.
“Əgər mühərriklərin xidmət müddətini 2 min dövrə çatdırsalar və onların sabitliyini, etibarlılığını sübut etsələr, sifariş vermək məsələsini nəzərdən keçirəcəyik. Əks halda, texniki xidmətin dəyəri həddindən artıq artacaq” deyə Klark vurğulayıb.
Qiymət Mahir
tag: Emirates,Təyyarə,5 milyard,Dollar,Todaypress.az,