Ən qısa boylu qədim insanın qalıqları tapıldı
Cənubi Afrikadakı Svartkrans mağarasında qədim insanın yaxın qohumu olan “Paranthropus robustus” növünə aid unikal qalıqlar aşkarlanıb.
TodayPress xəbər verir ki, tapıntı “Journal of Human Evolution” (JHE) elmi jurnalında təsvir olunub.
Bildirilib ki, alimlər ilk dəfə bu növə aid bud, incik və çanaq sümüklərinin birləşmiş şəkildə qorunub qalmış fosillərini müəyyən ediblər.
Təxminən iki milyon il əvvəl yaşamış “Paranthropus robustus” eyni dövrdə mövcud olmuş “Homo ergaster” — müasir insanın əcdadı ilə yanaşı yaşayıb.
Fosil araşdırmaları bu fərdin böyüklərdən və qadın cinsindən olduğunu göstərib. Onun boyu bir metrdən qısa, çəkisi isə cəmi 27 kiloqram olub.
Alimlər bildirirlər ki, bu ölçülər “Paranthropus robustus” növünün hətta “Australopithecus afarensis” (“Lusi”) və “Hobbit” kimi tanınan “Homo floresiensis” kimi digər xırda hominidlərdən də kiçik olduğunu göstərir.
Sümüklərin təhlili göstərib ki, bu qədim insanabənzər iki ayaq üzərində yeriyib, lakin balaca bədən quruluşu onu yırtıcılar üçün asan hədəfə çevirib. Tapılan sümüklər üzərində leopard dişlərinə aid izlər aşkar olunub. Bütün çətinliklərə baxmayaraq, “Paranthropus robustus” növü bir milyondan artıq müddətdə mövcud olub.
Alimlər ehtimal edirlər ki, bu növ bəsit daş və sümük alətlərindən istifadə edərək yaşamağa uyğunlaşa bilib.
Qiymət Mahir
tag: Paranthropus robustus,Svartkrans mağarası,Cənubi Afrika,Ən qısa boylu,İnsan,Todaypress.az,