Ər-Riyadda əldə edilən razılaşmalar açıqlandı, Moskva şərtlər qoydu
Ukrayna və ABŞ Qara dənizdə naviqasiya
təhlükəsizliyinin təmin edilməsi, eləcə də enerji infrastrukturuna hücumların
dayandırılması barədə razılığa gəliblər.
TodayPress xəbər verir ki, bunu Ər-Riyadda danışıqlarda
iştirak edən Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov deyib.
“Bütün tərəflər təhlükəsiz naviqasiyanı təmin etmək, güc
tətbiqini dayandırmaq və Qara dənizdə hərbi məqsədlər üçün kommersiya
gəmilərindən istifadənin qarşısını almaq barədə razılığa gəliblər. Həmçinin
Ukrayna və Rusiyanın enerji infrastrukturuna hücumların tam dayandırması ilə
bağlı da razılıq əldə olunub” deyə o bildirib.
R. Umerov Rusiyanın hərbi gəmilərinin Qara dənizin şərq
hissəsindən kənara hərəkətinin bu sazişin ruhunun pozulması kimi
qiymətləndiriləcəyini və Kiyev tərəfindən Ukraynanın milli təhlükəsizliyinə
təhdid kimi qiymətləndiriləcəyini vurğulayıb.
Bundan əlavə, o qeyd edib ki, tərəflər üçüncü ölkələrin
dəniz və enerji sazişlərinin həyata keçirilməsinə dəstək üçün cəlb olunmasını
alqışlayıblar. ABŞ da məhbusların əsir və girovların azad edilməsini
dəstəklədiyini təsdiqləyib.
“Sazişlərin səmərəli həyata keçirilməsi üçün onların
icrası, monitorinqi və nəzarəti ilə bağlı bütün detalları razılaşdırmaq üçün
mümkün qədər tez əlavə texniki məsləhətləşmələrin aparılması vacibdir”.
Kreml isə bildirib ki, Rusiya və ABŞ prezidentləri
arasında əldə edilən razılaşmaya əsasən, tərəflər Qara dənizdə naviqasiya
təhlükəsizliyinin təmin edilməsi, güc tətbiq edilməməsi və kommersiya
gəmilərinin hərbi məqsədlər üçün istifadəsinin qarşısının alınması, eyni
zamanda belə gəmilərin yoxlanılması yolu ilə müvafiq nəzarət tədbirlərinin
təşkili barədə razılığa gəliblər.
Rəsmi Moskva vurğulayıb ki, Qara dənizlə bağlı
sazişlər Rosselxozbank və aqrar-sənaye kompleksində ticarəti təmin edən digər
banklardan sanksiyalar götürüldükdən və həmin banklar yenidən SWIFT-ə
qoşulduqdan sonra qüvvəyə minəcək.
Bundan başqa Rusiya tərəfi qeyd edib ki, Qərbin
gəmilərə və kənd təsərrüfatı avadanlıqlarının tədarükünə tətbiq etdiyi
sanksiyaları ləğv etmədən Qara dəniz taxıl müqaviləsini bərpa etməyəcək.
Sazişlərin yenilənməsi şərtlərinə limanlarda gəmilərə
xidmət göstərilməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması və qida,
gübrə ticarəti ilə məşğul olan Rusiya bayrağı altında üzən gəmilərə tətbiq
edilən sanksiyaların götürülməsi daxildir.
Daha bir şərt isə Rusiya Federasiyasına kənd təsərrüfatı
texnikasının, habelə qida (o cümlədən balıq məhsulları) və gübrə istehsalında
istifadə olunan digər malların tədarükünə qoyulan məhdudiyyətlərin aradan
qaldırılmasıdır.
tag: Ər- Riyad, ABŞ, Ukrayna, Rusiya, Danışıq, Qara DƏniz, todaypress.az,