Əraqçi: “MAQATE texniki mandatına sadiq qalmalıdır”

Dünya

17.04.2025 14:56

17

İranın xarici işlər naziri Abbas Əraqçi Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə Tehranda keçirdiyi görüş zamanı Agentliyin fəaliyyətinin texniki və peşəkar çərçivədə aparılmasının vacibliyini vurğulayıb. 

TodayPress xəbər verir ki, o, MAQATE-nin bəzi dairələrin siyasi təzyiqlərinə boyun əyməməli və nüvə obyektləri ilə bağlı mövqeyində şəffaflıq nümayiş etdirməli olduğunu vurğulayıb.

Əraqçi bildirib ki, İran beynəlxalq hüquqi öhdəliklər çərçivəsində MAQATE ilə əməkdaşlığı davam etdirməyə sadiqdir, lakin təşkilat yalnız öz mandatına əsaslanaraq fəaliyyət göstərməlidir.

Görüş zamanı Əraqçi həmçinin İran ilə ABŞ arasında Oman vasitəçiliyi ilə aparılan danışıqlar barədə Qrossini məlumatlandırıb və bu prosesi sanksiyaların ləğvi və nüvə proqramı ilə bağlı əsas platforma kimi təqdim edib.

Qrossi isə öz növbəsində Tehranda olmaqdan məmnunluğunu ifadə edib və MAQATE-nin İranla əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu bildirib.

O, İranla ABŞ arasında başlayan dolayısı danışıqları alqışlayıb və ümid etdiyini bildirib ki, bu danışıqlar hər iki tərəf üçün uğurla nəticələnəcək. MAQATE rəhbəri “X” sosial şəbəkəsində yazdığı paylaşımda Tehran görüşlərini “önəmli” adlandırıb:

“MAQATE ilə əməkdaşlıq İranın nüvə proqramının sülhməramlı xarakter daşıdığına dair qəti zəmanətlərin təmin olunması üçün zəruridir, xüsusilə də diplomatiyanın bu qədər əhəmiyyət kəsb etdiyi bir dövrdə.” 

Qiymət Mahir

tag: Abbas Əraqçi,MAQATE,Baş Katib,İran,Səfər,Todaypress.az,