Ərdoğan yeni dünya nizamının yaradılmasının zəruriliyindən danışdı

Dünya

10.02.2025 18:50

1785

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2 milyarddan çox əhalisi olan İslam dünyasının maraqlarını nəzərə alan yeni dünya nizamının yaradılmasının zəruriliyini bəyan edib.

TodayPress xəbər verir ki, onun açıqlamalarını “TRT Haber” telekanalı yayımlayıb.

“Ədalətin olmadığı yerdə sülh, əmin-amanlıq və bəşəriyyətin inkişafı ola bilməz. 2 milyarddan çox əhalisi olan İslam dünyasının təmsil olunmadığı ədalətli sistem ola bilməz" deyə Ərdoğan Malayziyanın paytaxtı Kuala Lumpurda BMT haqqında danışarkən bildirib. 

Türkiyə lideri qeyd edib ki, iqtisadiyyat, diplomatiya, ticarət, təhlükəsizlik problemlərini həll etmək üçün yeni anlayışa və yeni dünya nizamına ehtiyac var. Ədalətli əməkdaşlıq və etimada əsaslanan sistemin qurulması üstünlük deyil, zərurətdir.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan dünyada yaranan böhranları həll etmək iqtidarında olmayan Birləşmiş Millətlər Təşkilatının sürətli islahatına ehtiyac olduğunu əvvəllər dəfələrlə bəyan edib. Onun fundamental tezisləri 2021-ci ilin sentyabrında nəşr olunan “Daha Ədalətli Dünya Mümkündür” kitabında öz əksini tapıb. Orada o, miqrasiya böhranı, beynəlxalq terrorizm, islamofobiya, ayrı-seçkilik, ikili standartlar kimi qlobal siyasətin problemlərinə diqqət çəkib.

Aysel Mətləb

tag: Ərdoğan,Dünya,Yeni dünya nizamı,Türkiyə,todaypress.az,