Estoniyada “Siil 2025” başlayır
Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahı ölkə ərazisində, əsasən Rusiya ilə sərhədə yaxın şimal-şərq və cənub-şərq bölgələrində “Siil 2025” (“Kirpi 2025”) adlı beynəlxalq hərbi təlimlərin başlanacağını elan edib.
TodayPress xəbər verir ki, 5 mayda başlayan və 23 maya qədər davam edəcək təlimlərdə Estoniya Müdafiə Qüvvələri, könüllü müdafiə təşkilatı “Kaitseliit” və NATO müttəfiqləri iştirak edəcək.
Əsas məqsəd Estoniyanın və regionun müdafiə planlarının yerinə yetirilməsi, döyüş hazırlığının yoxlanılması və müttəfiq qüvvələrin sürətli inteqrasiyasıdır.
Təlimlərin əsas mərhələləri Estoniyanın mərkəzi poliqonu, Nursipalu və ətraf ərazilərdə, yardımçı mərhələlər isə qərb, şimal və mərkəzi bölgələrdə keçiriləcək.
“Siil 2025” eyni zamanda NATO-nun “Steadfast Deterrence 25” təlimlərinin bir hissəsidir və Estoniya diviziyasının “Griffin Lightning 25” taktiki təlimlərinə hazırlığını da əhatə edir.
Təlimlərə Estoniya, Böyük Britaniya, Fransa, Almaniya, Polşa, Portuqaliya, Danimarka, İsveç, Finlandiya, Latviya, ABŞ, Kanada hərbçiləri, həmçinin Yaponiya, İsrail və Ukraynadan müşahidəçilər və təlimatçılar qatılır. Ümumilikdə 16 mindən çox hərbi qulluqçunun iştirakı gözlənilir.
Qiymət Mahir
tag: Estoniya,Müdafiə,Təlim,Siil 2025,todaypress.az,