“Google”a qarşı 5 milyardlıq iddia qaldırıldı

Dünya

16.04.2025 17:46

12

ABŞ-ın texnologiya nəhəngi “Google”a qarşı Birləşmiş Krallıqda kollektiv iddia qaldırılıb. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

İddianın dəyəri 5 milyard funt sterlinqə (təxminən 6,6 milyard dollar) qədər ola bilər. 

İddia bu həftə Böyük Britaniyanın rəqabətə nəzarət apelyasiya tribunalında rəqabət hüququ üzrə ekspert Or Brook tərəfindən minlərlə biznes adından qaldırılıb. 

Sənəddə qeyd olunur ki, “Google” onlayn axtarış bazarında dominant mövqeyindən sui-istifadə edib və bu sahədə rəqabəti məhdudlaşdıraraq axtarış nəticələrində çıxan reklamlar üçün qiymətləri süni şəkildə yüksək saxlaya bilib.

Həmçinin iddiada “Google”un “Android” əməliyyat sisteminə malik telefon istehsalçıları ilə müqavilə bağlayaraq bu cihazlara “Google search” və “Chrome” brauzerini əvvəlcədən quraşdırdığını, həmçinin “Apple”a ödəniş etməklə “iPhone”larda “Google”un əsas axtarış sistemi kimi təyin olunmasına nail olduğunu bildirir.

Bu addımların əsas məqsədi rəqiblərin bazara çıxışını məhdudlaşdırmaq olub. Bildirilir ki, “Google” öz reklam platformasını digər rəqiblərindən üstün etmək üçün axtarış sistemində daha çox funksionallıq və imkanlar yaradıb.  “Google” isə bu iddianı növbəti ehtimal və fürsətçilik xarakterli iddia adlandırıb.

Şirkətdən bildirilib ki, bu iddiaya qarşı qətiyyətlə mübarizə aparacaqlar:

“İstifadəçilər və reklamçılar “Google”dan alternativ olmadığına görə yox, faydalı olduğuna görə istifadə edirlər”.

tag: Britaniya,Google,İddia,Milyard,Todaypress.az,