Günəş fəallığının pik dövrü başladı
Günəş 2019-cu ildə başlayan 25-ci aktivlik dövrünün zirvəsinə çatıb. ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyası (NOAA) və Avropa Kosmik Agentliyi (ESA) bildirib ki, 2025-ci ilin əvvəlində müşahidə olunan bu pik mərhələdə günəş ləkələri, alışmalar və koronar kütlə atılmaları nəzərəçarpacaq dərəcədə artıb.
TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyası (NOAA) və Avropa Kosmik Agentliyi (ESA) məlumat verib.
Bildirilib ki, proseslər Yerə artıq təsir etməyə başlayıb və yaxın aylarda həm gözoxşayan təbiət hadisələri, həm də texnoloji fəsadlar baş verə bilər.
2024-cü ilin sonu və 2025-ci ilin əvvəlində qeyri-adi auroralar (qütb işıqları) orta enliklərə qədər irəliləyib.
Bu nadir mənzərə günəşdən gələn yüklü zərrəciklərin Yer atmosferində maqnit sahəsi ilə toqquşması nəticəsində yaranan geomaqnit fırtınaları ilə izah olunur.
Mütəxəssislər hesab edir ki, bu “işıq şouları” qarşıdakı həftələrdə daha tez-tez müşahidə ediləcək. Lakin bu təhlükəsiz deyil. Eyni zərrəciklər peykləri, radio rabitəsini və enerji şəbəkələrini pozaraq texnologiyaya ciddi zərər vura bilər.
Geomaqnit fırtınaları peykləri sıradan çıxara, radio siqnallarını pozaraq elektrik şəbəkələrində genişmiqyaslı nasazlıqlara səbəb ola bilər. 1989-cu ildə Kanadada milyonlarla insanın işıqsız qalmasına səbəb olan fırtına buna nümunədir.
Proqnozlara görə, bu pik mərhələ 2025-ci ilin sonuna qədər davam edəcək.
O vaxta qədər Yer günəşin kosmik dalğaları ilə üz-üzə qalacaq – bu, həm möhtəşəm auroralar, həm də potensial fəsadlar deməkdir.
Qiymət Mahir
tag: Günəş,Aktivlik,Artım,Dünya,Planet,Todaypress.az,