Helsinkinin yeni meri rus mənşəli siyasətçi olacaq
Finlandiyanın paytaxtı Helsinki şəhərinin meri vəzifəsinə rus mənşəli siyasətçi Daniel Sazonov təyin olunacaq.
TodayPress xəbər verir ki, bu barədə “Yle” nəşri məlumat yayıb. Sazonovun təmsil olunduğu Milli Koalisiya Partiyası (NCP) paytaxt regionunda keçirilən bələdiyyə seçkilərində qalib gələrək səslərin 24%-ni toplayıb.
Məlumata görə, partiya artıq 50 ildən çoxdur ki, Helsinkidə bələdiyyə seçkilərində ardıcıl qalib gəlir.
1993-cü ildə Helsinkidə anadan olan Daniel Sazonovun valideynləri 1990-cı illərin əvvəlində Rusiyanın Sankt-Peterburq şəhərindən Finlandiyaya köçüblər. Sazonov 2017-ci ildə Helsinki Şəhər Şurasına üzv seçilib, 2021-ci ildən etibarən isə şəhərin sosial məsələlər və səhiyyə üzrə mer müavini vəzifəsini icra edir.
Qeyd edək ki, 11 aprel tarixində Finlandiya parlamenti rusiyalıların ölkədə daşınmaz əmlak əldə etməsinə tam qadağa qoyulması barədə hökumət təklifini yekdilliklə təsdiqləyib.
Müdafiə naziri Antti Hakkanenin sözlərinə görə, bu qərar Rusiyaya “sabitliyi pozmağa icazə verilməyəcəyi” mesajını verir.
Xatırladaq ki, bundan əvvəl Finlandiya Xarici İşlər Nazirliyi Rusiyanın qarşısını almaq üçün yeni tədbirlər planı hazırlamışdı.
Qiymət Mahir
tag: Finlandiya,Helsinki,Mer,Rus Əsilli,Todaypress.az,