Heqset: “Yaponiya Çinin aqressiyasına qarşı əvəzolunmaz tərəfdaşdır”
ABŞ müdafiə naziri Pit Heqset martin 30-da bəyan edib ki, Yaponiya Çin Kommunist Partiyasının artan hərbi aqressiyasının qarşısını almaqda əvəzolunmaz tərəfdaşdır.
TodayPress xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
“Bölgədə və dünyada ABŞ yeni qarşısınıalma sistemini bərpa etməyə sürətlə irəliləyir. Yaponiya bu prosesdə əsas rola malikdir” Tokioda Yaponiyanın müdafiə naziri general Nakatani ilə görüşdə Heqset bildirib.
Bu, Heqsetin Asiyaya ilk səfəridir.
Nazir əlavə edib ki, regionda Çinin artan hərbi fəaliyyəti və Tayvan ətrafında mümkün fövqəladə vəziyyət fonunda ABŞ və Yaponiya öz hərbi potensiallarını daha sürətli şəkildə gücləndirməlidir.
Görüş zamanı tərəflər birgə silah istehsalını da müzakirə ediblər. Orta mənzilli “hava-hava” raketlərinin (MRAAM) təkmilləşdirilmiş versiyalarının və “yer-hava” sinfində olan SM-6 raketlərinin birgə istehsalı nəzərdən keçirilir. Məqsəd sursat çatışmazlığını azaltmaq və müdafiə sənayesini gücləndirməkdir.
Bundan başqa, ABŞ hərbi gəmilərinin və təyyarələrinin Yaponiyada texniki baxış və təmir prosesinin sürətləndirilməsi barədə razılıq əldə olunub.
Heqset ABŞ-nin Yaponiyadakı hərbi komandanlığının statusunun yüksəldildiyini də açıqlayıb. Yeni təyin olunacaq əməliyyat komandanı həm Yaponiyadakı amerikalı qüvvələrə rəhbərlik edəcək, həm də yapon həmkarı ilə koordinasiyanı təmin edəcək. Bu struktur “döyüş qərargahı” kimi fəaliyyət göstərəcək və birgə əməliyyatların sürətini və effektivliyini artıracaq. Nazir bu addımı “mümkün münaqişəyə daha yaxşı hazırlıq” kimi qiymətləndirib.
Xatırladaq ki, 2023-cü ilin iyulunda Yaponiya və ABŞ birgə komandanlıq və nəzarət sistemini təkmilləşdirmək barədə razılaşmışdılar. Bu dəyişikliklər ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin administrasiyası dövründə həyata keçirilən əsas struktur islahatlarından biri kimi qiymətləndirilir. Hazırda Yaponiyada 50 minə yaxın ABŞ hərbçisi yerləşir.
Qiymət Mahir
tag: ABŞ,Yaponiya,Heqset,Çin,todaypress.az,