Hindistan ABŞ-dən idxal olunan malların rüsumları azaldılacaq
Hindistan hökuməti ABŞ-dən idxal edilən malların yarıdan çoxuna tətbiq olunan rüsumların azaldılması və ya tamamilə ləğv edilməsi imkanını nəzərdən keçirir. Bu addım iki ölkə arasında yeni ticarət razılaşması üzrə danışıqlar çərçivəsində atıla bilər.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” Hindistan hökumətinə yaxın mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, rüsumların yumşaldılması ümumi dəyəri illik 23 milyard dollardan çox olan məhsullara şamil edilə bilər.
Bu, Hindistanın ABŞ-dən idxal etdiyi malların təxminən 55 faizini təşkil edir. Hazırda bu məhsullara 5 faizdən 30 faizə qədər gömrük rüsumları tətbiq olunur.
Hindistan bu qərarı ABŞ prezidenti Donald Trampın 2 aprel tarixindən etibarən qarşılıqlı rüsumlar tətbiq edəcəyinə dair açıqlamasına cavab olaraq hazırlayır.
Hindistan hökumətinin hesablamalarına görə, Trampın planlaşdırdığı tariflər Hindistanın ABŞ-yə illik təxminən 66 milyard dollarlıq ixracının 87 faizinə təsir göstərə bilər. Ümumdünya Ticarət Təşkilatının məlumatına görə, ABŞ-də idxal rüsumlarının orta səviyyəsi 2.2 faiz, Hindistanda isə 12 faiz təşkil edir.
ABŞ-nin Hindistanla xarici ticarət balansındakı kəsiri isə 45.6 milyard dollardır.
Yeni Dehlidə ümid edirlər ki, bu təşəbbüs Hindistanla ABŞ arasında ticarət sazişinin imzalanmasını sürətləndirəcək. Hindistanın Baş naziri Narendra Modi ilə ABŞ prezidenti Tramp arasında fevral ayında keçirilmiş görüşdə liderlər bu sazişi payızadək imzalamağı hədəflədiklərini bildirmişdilər.
Görüşün yekunlarına əsasən, tərəflər iki ölkə arasındakı ticarət dövriyyəsini 2023-cü ildəki 127 milyard dollardan 2030-cu ilə qədər 500 milyard dollara çatdırmağı planlaşdırırlar.
Qiymət Mahir
tag: ABŞ,Hindistan,Rüsum,Azalma,Todaypress.az,