Hindistan Pakistan Baş nazirinin "YouTube" kanalını blokladı
Hindistan hakimiyyəti Pakistanın Baş naziri Şahbaz Şərifin "YouTube" kanalına ölkə daxilində girişə qadağa qoyub.
TodayPress xəbər verir ki, kanala daxil olmağa çalışdıqda, istifadəçilərə "bu video milli təhlükəsizlik və ya ictimai asayiş səbəbilə ölkənizdə əlçatan deyil" mesajı göstərilir.
Qadağa, aprelin 22-də Cammu və Kəşmirdəki Pahalgam bölgəsində baş verən və 26 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra tətbiq edilib. Hindistan iddia edir ki, Pakistan tərəfi bu hadisə ilə bağlı yalan məlumatlar yayıb.
Hindistan daha əvvəl də Pakistan hökumətinə və media qurumlarına məxsus 16 "YouTube" kanalını və bəzi sosial media hesablarını bağlayıb. Bloklanan kanalların auditoriyası ümumilikdə 63 milyondan çoxdur.
Hadisədən sonra Hindistan Pakistanla diplomatik münasibətləri də kəskin şəkildə məhdudlaşdırıb. İslamabaddakı səfirlikdəki heyəti azaldıb, bəzi Pakistanlı diplomatları ölkədən çıxarıb, viza verilməsini və əsas sərhəd keçid məntəqəsini dayandırıb.
Türkan İsgəndərli
tag: Hindistan,Pakistan,Youtube,Baş nazir,todaypress.az,