Hindistan və Pakistan arasında atışma baş verdi
Hindistan və Pakistan əsgərləri Cammu və Kəşmirdə Nəzarət Xəttində yenidən atəş açıblar.
TodayPress xəbər verir ki, bu barədə "PTI" agentliyi ordudakı mənbəyə istinadən məlumat yayıb.
“Aprelin 25-dən 26-na keçən gecə Kəşmirdə Nəzarət Xətti boyunca Pakistan ordusunun müxtəlif postlarından atəş açılıb. Hindistan ordusu atıcı silahlarla cavab verib” mənbə bildirib.
Ölən və yaralananlar barədə məlumat yoxdur. Sonuncu belə hadisə aprelin 24-dən 25-nə keçən gecə baş verib.
Qeyd edək ki, aprelin 22-də Kəşmirin Hindistanın nəzarətində olan hissəsində 26 nəfərin öldürülməsindən sonra iki ölkə arasında gərginlik pik həddə çatıb.
Hindistan aktı törədən qruplaşmanın Pakistan ərazisində fəaliyyət göstərdiyini iddia edib, Pakistan tərəfi isə bunu qəti şəkildə rədd edib.
Özünü “Kəşmir Müqaviməti” adlandıran silahlı qrup sosial media mesajında hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Hindistan həmin qrupun Pakistanda yerləşən silahlı təşkilatlara bağlı olduğunu iddia etsə də, İslamabad bununla razılaşmır.
Hücumdan sonra iki nüvə dövləti bir-birinə qarşı bir sıra tədbirlər görüb: Hindistan su müqaviləsini dayandırıb, Pakistan hava məkanını “Air India” üçün bağlayıb.
Töhfə Səməd
tag: Hindistan,Pakistan,Sərhəd,Atışma,Todaypress.az,