Husilər: ABŞ və İran arasındakı razılaşma bizi dayandıra bilməyəcək

Dünya

10.04.2025 12:50

15

Yəməndə husilərin Siyasi Bürosunun üzvü Məhəmməd əl-Buxaiti bildirib ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı əldə olunacaq istənilən razılaşma husi qüvvələrinin Qəzzaya verdiyi dəstəyə təsir göstərməyəcək.

TodayPress xəbər verir ki, Əl-Buxaiti bu fikirləri "X" sosial şəbəkə hesabında yazıb. 

O bildirib ki, qrup İsrail Qəzza zolağındakı hərbi əməliyyatlarını dayandırana və bu mühasirədə olan əraziyə humanitar yardım, ərzaq və dərmanların daxil olmasına icazə verənə qədər öz əməliyyatlarını davam etdirəcək. O, bu bəyanatla aprelin 12-də baş tutması gözlənilən ABŞ və İran nümayəndələri arasında keçiriləcək görüşə istinad edib. Görüşdə İranın nüvə proqramı və Yaxın Şərqdəki məsələlərin müzakirə olunacağı bildirilib. 

Qeyd edək ki, martın 15-də husilərin İsraillə əlaqəli gəmiləri hədəf alacağı ilə bağlı təhdidlərindən sonra ABŞ ordusu Yəmənin husilərin nəzarətində olan şimal bölgəsinə hava zərbələrini bərpa edib. 

O vaxtdan etibarən ABŞ hərbi hava qüvvələri hər gün şimal Yəməni bombardman edir. ABŞ ordusu bu hücumlar nəticəsində onlarla husi liderinin öldürüldüyünü və ciddi hərbi infrastrukturun məhv edildiyini iddia etsə də, husilər bu iddiaları təkzib edirlər. 

Töhfə Səməd

tag: Yəmən,Husi,Qəzza,İsrail,todaypress.az,