“Hyundai” ABŞ iqtisadiyyatına investisiya qoyacaq

Dünya

25.03.2025 13:06

2081

Cənubi Koreyanın avtomobil istehsalçısı olan “Hyundai Motor Group” 2025-2028-ci illərdə ABŞ iqtisadiyyatına 21 milyard dollar investisiya yatırmağı planlaşdırır. 

TodayPress şirkətin yaydığı press-relizə istinadən xəbər verir ki, investisiyalar əsasən istehsal gücünün artırılması, təchizat zəncirlərinin möhkəmləndirilməsi və qabaqcıl texnologiyaların inkişafına yönələcək. 

“Hyundai” ABŞ-də avtomobil istehsalını artırmaq məqsədilə 9 milyard dollar sərmayə qoyacaq.

Bu, şirkətə hər il ABŞ-də “Hyundai Motor”, “Kia” və “Genesis” markaları üzrə ,ümumilikdə, 1,2 milyon avtomobil istehsal etmək imkanı yaradacaq. Şirkət həmçinin Alabama və Corciya ştatlarındakı istehsal müəssisələrinin modernləşdirilməsinə əlavə vəsait ayıracaq. 

“Hyundai” həmçinin ABŞ-də avtomobil ehtiyat hissələri istehsalının lokallaşdırılması, o cümlədən elektromobil batareyaları istehsalının artırılması üçün logistika və metallurgiya sahəsinə daha 6 milyard dollar sərmayə yatıracaq. 

Bundan əlavə, şirkətə məxsus “Hyundai Steel” bölməsi 2029-cu ilə qədər Luiziana ştatında ildə 2,7 milyon ton polad istehsal gücünə malik metallurgiya zavodu inşa edəcək. ABŞ prezidenti Donald Tramp martın 24-də Ağ Evdə “Hyundai”nin rəhbəri Çonq İsonq və Luiziana qubernatoru Ceff Lendri ilə görüşdə bildirib ki, bu layihəyə 5,8 milyard dollar sərmayə qoyulacaq. 

Eyni zamanda “Hyundai” daha 6 milyard dolları ABŞ şirkətləri ilə muxtar idarəetmə, robot texnikası və süni intellekt sahələrində strateji tərəfdaşlıqların genişləndirilməsinə sərf edəcək. 

Ümumilikdə, şirkətin elan etdiyi təşəbbüslər nəticəsində ABŞ-də 14 min yeni iş yerinin yaradılacağı gözlənilir.   

Qiymət Mahir

tag: Hyundai,ABŞ,Yaponiya,İnvestisiya,Todaypress.az,