İƏT İsrailə sərt xəbərdarlıq etdi: Suriyanı dərhal tərk et!
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri İsrailin Suriyadan dərhal çəkilməsini tələb ediblər.
Todaypres xəbər verir ki, bu tələb Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən növbədənkənar iclasın yekun bəyanatında əksini tapıb.
Nazirlər İsraili beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlərə qayıtmağa çağırıblar. Bəyanatda İsrailin Suriyaya qarşı hücumları və əraziyə müdaxilələri qınanılıb, bu addımların beynəlxalq hüququn pozulması və gərginliyin artırılması kimi qiymətləndirildiyi bildirilib.
Sənəddə BMT Təhlükəsizlik Şurasına beynəlxalq hüququn tətbiqi üçün təcili tədbirlər görmək, İsraili hücumlarını dayandırmağa və işğal etdiyi ərazilərdən geri çəkilməyə məcbur etmək çağırışı edilib. Həmçinin, İsrailin fələstinliləri öz torpaqlarından çıxarmaq cəhdləri etnik təmizləmə, beynəlxalq hüququn kobud şəkildə pozulması və insanlığa qarşı cinayət kimi dəyərləndirilib.
Bəyanatda İsrailin Qəzzaya qarşı "aclıq siyasəti" pislənilib, İordan çayının qərb sahili və Şərqi Qüds də daxil olmaqla, qanunsuz məskunlaşma fəaliyyətləri və ilhaq cəhdlərinin dərhal dayandırılması tələb edilib. Bundan əlavə, Fələstinin BMT-yə tam üzvlüyü dəstəklənib və Qəzza zolağında 40 minə yaxın kimsəsiz uşağa dəstək vermək üçün Beynəlxalq Qayğı Fondunun yaradılması təklif edilib.
Nazirlər digər ölkələri də İsrailə silah və sursat tədarükünü qadağan etməyə çağırıblar.
tag: İƏT,Suriya,İsrail,Dünya xəbəri,Todaypress,todaypress.az,