İki Avropa ölkəsi Rusiyadan qaz idxalını artırdı

Dünya

01.04.2025 19:49

1464

Macarıstan və Slovakiya Ukrayna üzərindən qaz tranzitinin dayandırılmasından sonra Rusiya qazının tədarükünü artırmaq məqsədilə iki ölkə arasında birləşdirici qaz kəmərini tam gücü ilə istifadəyə verib.

TodayPress xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto “M1” telekanalında yayımlanan mətbuat konfransında məlumat verib.

Diplomat bu açıqlamanı Slovakiya parlamentinin sədri vəzifəsini icra edən Peter Jiqa ilə Komarom şəhərində keçirilən görüşdən sonra jurnalistlərə verib.

“Ukraynanın yaratdığı ciddi çətinliklərə baxmayaraq, Slovakiya və Macarıstana təbii qaz tədarükü məsələsini həll edə bildik. Slovakiyaya qazın Macarıstan üzərindən etibarlı şəkildə çatdırılmasını təmin etmək üçün ölkələrimiz arasında olan birləşdirici qaz kəmərinin buraxılış gücünü artırmalı olduq” deyə Siyarto bildirib.

Onun sözlərinə görə, kəmərin illik ötürmə gücü hazırda 3,5 milyard kubmetrə çatdırılıb. Bu isə əvvəlki göstəricidən 900 milyon kubmetr çoxdur.

Nazir əlavə edib ki, Macarıstan Rusiya qazını “Türk axını” boru kəməri vasitəsilə idxal edir. Həmçinin bu kəmərin Serbiya və Bolqarıstan ərazisindən keçən qolları da tədarük üçün istifadə olunur.

Xatırladaq ki, bundan əvvəl Almaniya parlamentində “Şimal axını-2” qaz kəmərinin yenidən işə salınması məsələsi gündəmə gətirilmişdi.

Qiymət Mahir

tag: Slovakiya,Macarıstan,Rusiya,Qaz,Todaypress.az,