İran ABŞ-dən qabaq Aİ3-lə görüşəcək

Dünya

29.04.2025 17:26

9

İran Aİ3-ün (Almaniya, Böyük Britaniya və Fransa) təklifini qəbul edib və mayın 2-də ittifaq nümayəndələri ilə görüşməyə razılaşıb.

TodayPress xəbər verir ki, bu barədə "Baghdad Today" portalı məlumat yayıb.

Müvafiq görüş İran və ABŞ arasında Romada keçirilməsi planlaşdırılan dolayı danışıqlardan bir gün əvvəl baş tutacaq.

“Fransa, İngiltərə və Almaniya Romada Amerika tərəfi ilə gözlənilən dolayı danışıqlardan əvvəl İran Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüş təşkil etməyi xahiş ediblər. Tehran bu təklifi təsdiqləyib və Aİ3-ə belə bir görüşün ABŞ ilə qarşıdan gələn dördüncü məsləhətləşmələr raundundan bir gün əvvəl, mayın 2-də keçirilə biləcəyi barədə məlumat verib”.

Dəqiqləşdirilib ki, Tehran və Vaşinqton Omanın vasitəçiliyi ilə İranın nüvə dosyesi üzrə dolayı danışıqların dördüncü mərhələsini mayın 3-də Romada keçirmək barədə razılığa gəliblər.

Xatırladaq ki, ABŞ və İran arasında dialoqun üçüncü raundu aprelin 26-da Maskatda başa çatıb. Yüksək səviyyəli siyasi danışıqlara paralel olaraq Omanın paytaxtında İranın nüvə proqramı üzrə potensial razılaşmanın detallarını müzakirə edən ekspertlərlə texniki məsləhətləşmələr keçirilib.

Töhfə Səməd

tag: Aİ3,İran ,ABŞ,Roma,Oman,todaypress.az,