İran ABŞ ilə danışıqlar aparacaq
İran ABŞ ilə danışıqlar zamanı nüvə proqramından başqa heç nə müzakirə etməyəcək.
TodayPress xəbər verir ki, bunu İran parlamentinin vitse-spikeri Həmid-Rza Hacı Babaei Omanın Məşvərət Şurasının sədri Xalid Əl-Məvali ilə görüşündə deyib.
"ISNA" agentliyi İran parlamentinin vitse-spikerindən sitat gətirib: "ABŞ ilə dolayı danışıqların aparılması qərarı bu ölkənin təqiblərinə cavabdır. Digər tərəfdən, indiki şəraitdə biz yalnız nüvə proqramı ilə bağlı danışıqlar aparmağa hazırıq, qalanının heç bir əhəmiyyəti yoxdur".
Hacı Babaei aydınlaşdırıb ki, Tehran Vaşinqtonla Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə öhdəliklərini yerinə yetirməməsi, həmçinin daimi təhdid və sanksiyalar səbəbindən birbaşa danışıqlardan imtina edib.
Martın 27-də İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı danışıqlar təklif edən məktubuna cavab göndərmək üçün Omanın vasitəçilik xidmətlərindən istifadə edib. İslam Respublikasının Bağdaddakı səfiri Məhəmməd Kazım əs-Sadiq qeyd edib ki, Tramp məktubda İrandan ya İraqın şiə milis birliklərini (Əl-Həşd əş-Şaabi) ləğv etməyi, ya da onları İraq dövlət sisteminə inteqrasiya etməyi tələb edib.
Martın 30-da Amerika lideri bildirib ki, nüvə proqramı üzrə danışıqlar nəticə verməsə, iki həftə ərzində İrana əlavə rüsumlar tətbiq edəcək. O, həmçinin sazişdən tamamilə imtina ediləcəyi təqdirdə İranı bombalamaqla hədələyib. Cavabında Xamnei qeyd edib ki, o, ABŞ-nin hərbi müdaxiləsi ehtimalına inanmır, lakin xəbərdarlıq edib ki, Vaşinqtonun İranda iğtişaş törətmək cəhdinə qəti cavab veriləcək.
Töhfə Səməd
tag: İran ,ABŞ,Nüvə,JCPOA,todaypress.az,